Azad olunan ərazilərdə yerləşən tarix-mədəni abidələrlə bağlı saytın təqdimatı olub

Azad olunan ərazilərdə yerləşən tarix-mədəni abidələrlə bağlı saytın təqdimatı olub backend

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hazırlanan işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Kərimov yeni yaradılan portalın işğaldan azad olunan ərazilərdə yerləşən tarixi-mədəni abidələrin real mənzərəsinin geniş ictimaiyyətə çatdırması baxımından əhəmiyyətindən danışıb: "Saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilmiş qanunsuz əməllər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir".

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən mədəni irsimizin böyük hissəsi dağıdılıb, vandalizmə və özününkiləşdirməyə məruz qoyulub: "Ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr və digər inanc yerləri xüsusi yer tutur. Mədəni soyqırım XX əsrin əvvəllərindən başlayıb. Onlar tarix abidələrimizi dağıtsalar da, tarixi yaddaşımızı silə bilmədilər. Yeni yaradılan sayt işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz tarix-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaq".

A.Cəfərli isə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytı bu istiqamətdə mühüm informasiya resursudur: "Prezident İlham Əliyevin imzaladığı fərmanın icrası üçün Mədəniyyət Nazirliyinin nümayəndələri işğaldan azad olunmuş rayonlara ezam edilib və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsinə başlanılıb. Həyata keçirilən monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edib. Saytda azad olunmuş ərazilərdə aparılan tarix-mədəniyyət abidələrinin monitorinqinin nəticələri geniş şəkildə öz əksini tapıb. İşğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl, sonrakı və bərpa görüntüləri, arxiv fotoları və cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar yer alıb. Eyni zamanda abidələrin yerləşdiyi məkanlar müvafiq xəritə üzərində də qeyd olunub”.

Dövlət Xidmətinin rəisi vurğulayıb ki, internet resursu istifadəçilərin rahatlığını təmin etmək baxımından müasir tələblər səviyyəsində hazırlanıb: "Saytın hazırlanmasında müasir proqram təminatlarından istifadə olunub. Sayt “google”ın seo (search engine optimization - axtarış motoru optimizasiyası) standartlarına cavab verir. Bu da axtarış sistemlərində əlaqəli olan açar sözlər axtarıldığı zaman saytda olan məlumatların istifadəçilər üçün ən ön sırada göstərilməsinə imkan yaradır".

Sonda saytın təqdimatı baş tutub.

Diaspora