QAZİLƏR saytı xəbər verir ki, Avstraliyanın Paytaxt Ərazisinin Çoxmədəniyyətli Məsələlər Nazirliyinin təşkilatçılığı ilə Kanberra şəhərində ənənəvi olaraq Milli Çoxmədəniyyətli (National Multicultural Festival) Festival keçirilib.
Azərbaycanın Avstraliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, festivalda 80-dən artıq millətin nümayəndəsi, ictimai birlik, səfirlik iştirak edərək öz xalqlarının mədəniyyətlərini, musiqilərini və mətbəxlərini nümayiş etdiriblər.Sözügedən festivalda Azərbaycanın Avstraliyadakı səfirliyi də iştirak edərək Azərbaycan mətbəxinin və mədəniyyətinin tanıdılması məqsədilə iki guşə təşkil edib.
Festival üçün “Land of Fire Azerbaijan”, “Baku 2015 1st European Games” yazılmış köynəklər və dövlət bayrağımız əks olunmuş şapkalar sifariş olunub. Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən suvenirlər, broşürlər paylanıb. Bundan əlavə, “Foreign Affair”in xüsusi buraxılışı olaraq dərc olunmuş “Azerbaijan 2020: Turning Strength into Sustainability” jurnalları səfirlik tərəfindən 2000 ədəd yenidən nəşr olunaraq festivalda təqdim edilib.
Festivalın açılış proqramında Azərbaycandan gəlmiş Dövlət Mahnı və Rəqs ansamblının solistləri, əməkdar artist Sevinc Həsənli və Elnur Süleymanov milli rəqs nümunələri ilə çıxış ediblər.
Qeyd edək ki, Azərbaycanın rəqs ustaları Avstraliya Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı və səfirliyin dəstəyi ilə festivalda Azərbaycanı təmsil etmək və musiqimizi Avstraliya ictimaiyyətinə tanıtmaq məqsədilə dəvət ediliblər.
Eyni zamanda, Kanberra şəhərində fəaliyyət göstərən avstraliyalılardan ibarət “Land of Fire Performing Arts” rəqs qrupu və Avstraliyada yaşayan digər azərbaycanlı və avstraliyalı həvəskar ifaçılar Kristi Dunkan, Bəhram Şükrullahzadə, Ramiz Həsənov və Flora Cəfərova müxtəlif rəqs və musiqi nümunələri ilə çıxış ediblər.
Festivalın ikinci günü Avropa Birliyi ölkələri üçün ayrılmış səhnədə Azərbaycan ifaçılarının təqdim etdiyi geniş konsert avstraliyalılar tərəfindən böyük maraqla qarşılanıb.
Təşkilatçıların məlumatlarına əsasən Festivalda 250 mindən artıq ziyarətçi qeydə alınıb.
2015-ci ilin 20 fevral tarixində Sidney şəhərində Avstraliya Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı və səfirliyin dəstəyi ilə S.Həsənli və E.Süleymanovun da iştirakı ilə daha bir konsert təşkil ediləcək.