Avqustun 26-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında görkəmli hərbi xadim, ilk milli atici diviziyasının komandiri, general Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illiyinə həsr olunmuş "Naxçıvanski 120" adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2 aprel 2015-ci il tarixli Sərəncamına əsasən təşkil olunub.
Tədbirdə Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə dəyərli töhfələr vermiş, ölkədə yüksək ixtisaslı hərbi kadrların yetişməsində müstəsna xidmətləri olmuş və hər şeydən öncə komandirlik etdiyi süvari alayının şəxsi heyəti ilə birlikdə erməni daşnaklarına qarşı mübarizədə misilsiz igidliklər göstərmiş görkəmli sərkərdənin qısa, lakin mənalı və şərəfli ömür yolu barədə geniş məlumat verib.Bildirilib ki, Cəmşid Naxçıvanski də Kəngərlilər nəslinin digər generalları kimi çar ordusunda öz istedad və bacarığı ilə bir daha təsdiq edib ki, azərbaycanlılar digər sahələrlə yanaşı, hərbi işdə də yüksək peşəkarlığa malikdirlər.
Diqqətə çatdırılıb ki, çar hökuməti devrildikdən sonra Tiflisə qayıdan Cəmşid Naxçıvanski az sonra öz tatar-süvari alayı ilə birlikdə Azərbaycan hökumətinin tabeçiliyinə keçib və beləliklə, Silahlı Qüvvələrimizin yaradılmasında yaxından iştirak edib. O, Gəncədə, Göyçay ətrafında, Kürdəmirdə, eləcə də Bakıda daşnak–bolşeviklərə qarşı mübarizədə öz vətənpərvərlik borcunu layiqincə yerinə yetirib, Şuşada, Əsgəran qalasında əsl fədakarlıqlar göstərib. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın gələcəyi daim onu düşündürüb və bu istiqamətdə xeyli işlər görüb. Arxivlərin sirri açılandan sonra məlum olub ki, Cəmşid Naxçıvanski məhz Azərbaycanın azadlığı uğrunda yorulmadan fəaliyyət göstərən ilk mübarizlərdəndir. O, Azərbaycan Milli Mərkəzi adlanan Azərbaycan antisovet, millətçi təşkilatın fəal iştirakçısı olmaqla, Azərbaycanda sovet hökumətinin devrilməsi planının hazırlanmasında, Azərbaycanın Sovet İttifaqından ayrılmasında fəal iş aparıb, ölkədə hərbi üsyan planını şəxsən hazırlayıb.
Vurğulanıb ki, sonuncu dəfə həbs olunarkən o, həyat yoldaşı və körpə qızının qarşısında öz təmkinini belə pozmayıb və tezliklə qayıdacağını bildirib. 1938-ci il avqustun 26-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 15 dəqiqə çəkən bağlı məhkəmə iclasında o, "Sovet hökumətinin qatı düşməni, müqəssir" kimi təqsirləndirilib və barəsində ölüm hökmü oxunub. Uzun illər keçdikdən sonra xalqımızın müdrik oğlu Heydər Əliyevin qətiyyəti sayəsində Cəmşid Naxçıvanski xalqın xatirəsində əbədi yaşamaq hüququ qazanıb. Hələ ötən əsrin 70-ci illərində mətin sərkərdənin adı əbədiləşdirilib, Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulub, küçələrdən birinə onun adı verilib, Naxçıvanda ev muzeyi yaradılıb, yubileyi dövlət səviyyəsində qeyd olunub və adını daşıyan indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb.
Tədbirdə, həmçinin tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun generalın həyat və fəaliyyəti haqda məruzəsi dinlənilib.
Sonda qonaqlar tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun Cəmşid Naxçıvanski haqda hazırladığı "Naxçıvanski" sənədli filmini izləyiblər.