Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən, regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan “ALİSA” proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada 10 günlük treninqlər təşkil olunur.
Artıq bu qəbildən beşinci treninq başlanıb. Xızı, Şabran, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Balakən, Lənkəran, Nərimanov, Səbail və Xətai Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin mütəxəssisləri treninqdə həm “MARC 21” formatını öyrənəcək, həm də “ALİSA”da iş vərdişlərini mənimsəyəcəklər.Milli Kitabxananın direktoru, professor Kərim Tahirov iştirakçılarla görüşündə treninqin “Ultra Technologies" şirkətinin mütəxəssisləri ilə birgə aparıldığını diqqətə çatdırıb. O, iştirakçıları 10 gün müddətində treninqdən maksimum bəhrələnməyə çağırıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, dinləyicilər Milli Kitabxananın iş prosesi ilə də yaxından tanış olacaq, kitabxanada olan yeni iş üsulları, yeni xidmət növlərini əyani izləyəcəklər. Treninqin sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcək.
Milli Kitabxanada “ALİSA” proqramının test rejimi ilə işləyən Səbail, Nərimanov və Xətai rayon MKS-ləri üçün monitorinq keçirilib. Monitorinqdə Milli Kitabxananın direktoru Kərim Tahirov, direktor müavini Elçin Musayev, kitabxananın əməkdaşları, “Ultra Technologies" şirkətinin işçisi Sərxan Məmmədov və MKS-lərin bu proqramla işləyən mütəxəssisləri iştirak ediblər.
Kərim Tahirov “ALİSA” proqramının üstünlüklərindən danışıb, Milli Kitabxananın bazasının bütün şəhər, region, hətta kənd kitabxanaları üçün əlçatan olacağını qeyd edib. Monitorinq zamanı məlum olub ki, proqramın ilkin variantında mövcud nöqsanlar tam aradan qaldırılıb. Köhnə bazada olan materialların yeni məlumat bazasına köçürülməsi işi həyata keçiriləcək və bütün kitabxanalar “ALİSA” proqramının tam, təkmilləşdirilmiş yeni variantı ilə işləyəcəklər.
Tədbirdə qeyd olunub ki, respublikanın şəhər və rayon MKS-lərinin 50 faizdən çoxu yeni proqram və yeni format üzrə treninqlərdən keçiblər və sentyabrın 10-dan başlayaraq bütün MKS-lərdə “ALİSA” proqramı tətbiq olunacaq.