Özbəkistanın qədim Səmərqənd şəhərində “Şərq təranələri” X Beynəlxalq Musiqi Festivalı keçirilir.
İki ildən bir keçirilən bu nüfuzlu musiqi bayramında dünyanın 80-dən çox ölkəsidən gələn musiqiçilər iştirak edirlər.
Festivalda ölkəmizi Azərbaycanın Əməkdar Artisti Təyyar Bayramovun rəhbərlik etdiyi “Buta” musiqi qrupu təmsil edir. Xanəndəni əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşaiyət edəcəklər.
Yubiley festivalında 1997-ci ildə keçirilən “Şərq təranələri” birinci Beynəlxalq Musiqi Festivalının Azərbaycandan olan ilk iştirakçısı, festivalın “Qran pri” mükafatına layiq görülmüş Xalq Artisti Simarə İmanova da fəxri qonaq kimi iştirak edir.
Festival çərçivəsində elmi-nəzəri konfrans keçiriləcək, tədbirdə Azərbaycandan gələn musiqişünas alimlər-Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış edəcəklər.
Ümumiyyətlə, Azərbaycan musiqiçiləri “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında uğurla iştirak ediblər. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə-Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əskərov festivalda birinci, Zabit Nəbizadə ikinci yerlərə layiq görülüblər.
Festival avqustun 31-dək davam edəcək.