Şəkidə uğurla davam edən “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalının üçüncü günü də öz rəngarəngliyi ilə yerli sakinləri və tədbirə qatılan turistləri təəccübləndirdi.
ANS TV-nin məlumatına görə, Festivalın üçüncü günü Özbəkistanın “Abbos” qrupu tarixi memarlıq abidəsi olan Karvansarayda maraqlı ritm nömrələri ve kompozisiyalarla çıxış etdi.Qonaq Teymur Mustafayev Bakıdan Şəkiyə məhz konsert üçün gəldiyini və burada vaxtını çox yaxşı keçirdiyini deyir.
İspaniyalı qonaq Xabyer Benef Şəkini çox bəyəndiyini və festivalı yaxşı təşkil etdiyini dilə gətirdi.
Digər Yunanıstanlı qonaq Aleks Sukuyassa İranda, Avropada səyahətdə olsa da Xan Sarayını daha çox bəyənib.
Axşam saatlarında isə Yay teatırında İranın ən tanınmış folklor qruplarından biri hesab olunan “Lian” folklor musiqi qrupunun mahnı və ritm kompozisiyalarından ibarət rəngarəng konsert proqramı öz işinə başladı.
“Lian” musiqi qrupunun təqdim etdiyi ruh oxşayan mahnılar, şən və oynaq kompozisiyalar, ayrı-ayrı musiqi alətlərində solo ifalar tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılandı. “Ney-anban” musiqi alətində ən yaxşı ifaya görə 7 dəfə, ən yaxşı muğam ifasına görə 3 dəfə və zərb alətlərində ən yaxşı ifaya görə 3 dəfə yerli və beynəlxalq festivalların mükafatlarına layiq görülən “Lion” qrupunun oynaq musiqiləri tamaşaçıları sözün əsl mənasında yerindən oynatdı.
Qrupun dəfələrlə ABŞ, Fransa, Xorvatiya, İsveçrə, İtaliya, Bolqarıstan və digər ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak etdiyini deyən İran musuqiçisi Mohsen Şarifian ölkəmizdə ilk dəfə reallaşan bu festivalın daha rəngarən və daha coşqulu keçdiyini bildirdi.
Artıq üçüncü gündür böyük tamaşaçı kütləsi ilə müşaiət olunan və uğurla davam edən ritm festivalı sabah öz işini layihənin idaya müəllifi Natiq ritm qrupunun möhtəşəm konserti ilə başa vurulacaq.