121 yaşlı qeyri-adi musiqi aləti

121 yaşlı qeyri-adi musiqi aləti backend

Qeyri-adi görünüşü ilə digər musiqi alətlərindən fərqlənən fizqarmon elə səsi ilə də heyrətləndirir.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, həmin musiqi alətində ifa olunan musiqiləri eşidən olsa düşünər ki, bu, qarmondur, özünü görəndə isə fikirləri dəyişər.

Tovuz sakini bu musiqi alətini rayonda yaşayan almanlardan birindən əldə edib. 121 yaşlı fizqarmon pianino və qarmonun səsini xatırladır. Qeyri-adi görünüşü ilə musiqi alətlərindən fərqlənən fizqarmonun sahibi Əhməd Həsənov deyir ki, ondan Azərbaycanda cəmi iki ədəddir. Ə.Həsənov onu evin dəyərli əşyası kimi düz 74 ildir ki, qoruyur.

Xarici görünüşü ilə pianinonu xatırladan bu alət ondan yalnız daxili quruluşu ilə seçilir. Fizqarmon əsasən ayaqla, hava vurmaqla çalınır. Havasızlıq yaranarsa alətdən səs çıxmır. Ə.Həsənov qeyri-adi alətlə xalq mahnıları, romanslar hətta muğam da ifa edə bilir. Ən maraqlısı isə odur ki, o, bunu heç bir müəllimin köməyi olmadan öyrənib.

Tovuz sakini bir neçə il öncə 121 yaşlı aləti satmaq fikirinə düşsə də, ona istədiyi qiyməti verən olmadığından fikirdən daşınıb.

Qədim alətə Tovuz sakinləri də böyük maraq göstərir. Ə.Həsənov onu ifa edən zaman küçədən keçənlərin ayaq saxladığını, hətta həyətə gəlib qulaq asanların az olmadığını da deyir.
Diaspora