MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Ağdamda V Beynəlxalq Həmzə Nigari Simpoziumunun açılış mərasimində geniş məruzə ilə çıxış edib
Qaziler.az xəbər verir ki, millət vəkili açılış mərasimi Ağdamın Quzanlı qəsəbəsində yerləşən Muğam Mərkəzində keçirilən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İB, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Türkiyənin Amasiya Universitetinin təşkilatçılığı ilə baş tutan V Beynəlxalq Həmzə Nigari Simpoziumunu mühüm mədəni, mənəvi hadisə olaraq şərh edib:
“Əgər simpozium beşinci dəfə keçirilirsə və mühüm qurum və quruluşların, o cümlədən dövlət, elm-təhsil və ictimai təşkilatların ortaq tədbiri olaraq baş tutursa, bunun özü simpoziumun səmərəliliyini, önəmini və ona olan ictimai, elmi təlabatı ifadə edir. İnanıram ki, 3 gün davam edəcək beynəlxalq simpoziumun öz əsas məqsədinə - Həmzə Nigarinin fikir dünyası və həyatı ilə yanaşı, Türk və İslam dünyası araşdırmalarının dəyərləndirilməsinə töhfə olacaqdır.
Çox şadam ki, simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, İtaliya, Rusiya, Quzey Makedoniya və b. ölkələrdən 200-dən çox alim və araşdırmaçının məruzələri dinləniləcəkdir. Ayrıca, məruzələr Həmzə Nigari araşdırmaları, İsmayıl Şirvani, Nəqşibəndilik, Xəlvətilik, Sufizm, İslam, Türk dünyası, Qafqaz, Qarabağ, Şuşa şəhəri, Bərpa və konservasiya, habelə Ədəbiyyat, Sənətşünaslıq araşdırmaları kimi önəmli mövzuları əhatə etməsi dediklərimizə sübutdur.
Simpoziumun elmi səmərəsi öz yerində, milli rəqslər, ifalar, bədii qiraət örnəklərinin təqdim olunması da çox yaxşı təcrübədir.
Əziz dostlar, özəlliklə vurğulamaq istədiyim bir məqam var. Bu, əlbəttə, II Qarabağ müharibəsindəki tarixi Zəfərimizlə bağlıdır. Yaxşı xatırlayıram, bundan öncəki Həmzə Nigari simpoziumlarında Qarabağımızın, Laçının, Şuşanın azadlığını diləmişdik. Özü də, bu yalnız dilək deyildi, inam idi. Biz nəyə inanırdıq? – İşimizin haqq işi olduğuna, dövlətimizin qüdrətinə, xalq-dövlət birliyinə, qardaş Türkiyə başda olmaqla, haqqın-ədalətin yanında olan dost-qardaş ölkələrin bizə mənəvi dəstəyinə inamımız bizə güc və ilham verirdi. Budur, Şuşada, Laçında, işğaldan azad edilmiş digər torpaqlarımızda üçrəngli müqəddəs bayrağımız dalğalanır. Bütün bunlar Həmzə Nigarinin, haqq dünyasında olan bütün fikir babalarımızın, ruhanilərimizin ruhunu şad edir.
Bir daha, təşkilatçıları, mirasımıza biganə olmayan könül dostlarını ürəkdən təbrik edir, simpoziumun işinə uğurlar arzulayıram”!