Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin ümumi iclası keçirilib. İclas zamanı Xalq yazıçısı Anar Rzayev mərhum Rüstəm İbrahimbəyovun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib. İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib.
20-30 may tarixləri arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının ümumi iclası keçiriləcək, səsvermə nəticəsində ittifaqın yeni rəhbəri məlum olacaq.
Xalq artisti Rasim Balayev sədrliyə namizədliyinin irəli sürülməsi barədə fikirlərini Modern.az-la bölüşüb. O, əvvəlcə təklifə etiraz etdiyini bildirib:
“Sədrliyə namizədliklə bağlı mənim heç bir fikrim, təklifim olmayıb. Adımı namizəd kimi təqdim edəndə məsələdən xəbərim oldu. Səhhətimdə yaranmış müəyyən problemlərə görə birinci razı olmadım. Dostlarla müəyyən söhbətdən sonra razılaşdım. Əgər səs verilsə, sədr kimi çalışacağam”.
Bu yaxınlarda cərrahi əməliyyat keçirən aktyor hazırda özünü normal hiss etdiyini söyləyib:
“Mədəmdə problem yaranmışdı, əməliyyat olundum. Həkim bir həftə dietik qidalanmağımı məsləhət gördü. Həmin 1 həftənin artıq 3 günü geridə qaldı. Daha yaxşı qidalandıqdan sonra səhhətimdə heç bir problem qalamayacaq”.
Qeyd edək ki, bundan öncə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov olub. Onun vəfatı səbəbindən hazırda sədrlik vəzifəsi boşdur.
Xatırladaq ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. O, ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə R.Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib.