Babaxan Şərifin “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimatı keçirilib

Babaxan Şərifin “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimatı keçirilib backend

MM Mədəniyyət komitəsinin dəstəyi ilə görkəmli özbək ədəbiyyatşünası Babaxan Şərifin “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimatı keçirilib

Aprelin 19-da Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli özbək ədəbiyyatşünası Babaxan Şərifin müəllifi olduğu “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. O, qeyd edib ki, bu gün Milli Kitabxanada çox gözəl bir tədbirə Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin dərinləşməsində və türk dövlətləri arasında dostluq əlaqələrinin möhkəmlənməsində əvəzsiz xidmətləri olan görkəmli özbək yazıçısı Babaxan Şərifin yeni nəşr olunan “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasiminə toplaşmışıq. Direktor vurğulayıb ki, B.Şərif Azərbaycan-özbək xalqları əsasında dostluq münasibətlərinin qurulmasında çox mühüm işlər həyata keçirib. O, Özbəkistan-Azərbaycan ədəbi-elmi əlaqələrinin inkişafında önəmli rola malik ziyalılardandır. Onun həyatının böyük hissəsi elmi, ədəbi tərcümə yaradıcılığı ilə, kitabla, ədəbiyyatla bağlı olub. Professor vurğulayıb ki, “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabı Azərbaycan ədəbiyyatının təbliğinə həsr olunub. Çıxışı zamanı K.Tahirov Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin qurulmasında mühüm xidmətləri olan Özbəkistan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova və bugünkü tədbirin Milli Kitabxanada keçirilməsində yaxından iştirak edən Qənirə Paşayevaya öz təşəkkürünü bildirib.

Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxışında böyük ustad və şəxsiyyət Babaxan Şərifi Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. O, qeyd edib ki, bir neçə il öncə Babaxan müəllimin 70 illik yubileyi Azərbaycanda keçirilib. Həmin yubiley tədbirləri zamanı “Özbək-Azərbaycan” lüğətinin də təqdimatının keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Komitə sədri vurğulayıb ki, ustad Babaxan Şərifin ən böyük arzularından biri Şuşanı görmək idi ki, bu yaxınlarda o, Şuşada səfərdə olub və orada Xurşidbanu Natəvanın keçirdiyi ədəbi məclisin kiçik bir formasını təşkil edib. Daha sonra millət vəkili əlavə edib: "Mən inanıram ki, Şuşa ziyarətindən sonra Babaxan müəllimin yaradıcılığında bu istiqamətdə yeni işlərin şahidi olacağıq". Çıxışı zamanı Qənirə Paşayeva Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin qurulmasında böyük xidmətləri olan Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcidə və Özbəkistan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova öz minnətdarlığını bildirib. Son olaraq Qənirə xanım Babaxan Şərifi yeni kitabı münasibətilə təbrik edərək ona yaradıcılıq uğurları, yeni-yeni kitablarının nəşr olunmasını arzulayıb.
Özbəkistan Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək bildirib ki, çox sevindirici haldır ki, bu gün Milli Kitabxanada belə bir tədbirə – Babaxan Şərifin müəllifi olduğu “Ədalət yolunu işıqlandıran ədəbiyyat” kitabının təqdimat mərasiminə toplaşmışıq. O, bildirib ki, bir neçə gün öncə Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada iki əsrdən sonra tarixi şairlər məclisi təşkil edilib. Həmin tədbirdə Azərbaycan Yazıçılar Birliyindən çoxsaylı nümayəndələr, eləcə də xanəndələr, mədəniyyət, incəsənət xadimləri iştirak ediblər: "Və bu tədbiri biz bu ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ili “Şuşa İli” elan etməsi ilə əlaqədar keçirdik. Qərara aldıq ki, gələcəkdə bütün türk dünyasında şairlər məclisini təşkil edək". Çıxışı zamanı o, qeyd edib ki, “Şuşa İli” ərəfəsində Özbəkistanda çoxsaylı tədbirlər – dostluq konsertləri, kitab təqdimatları keçiriblər. O, Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyətə başlayarkən əsas qayəsinin Azərbaycan ədəbiyyatının təbliği istiqamətində olduğunu və ilk olaraq Nizami Gəncəvi əsərlərinin özbək dilinə tərcümə işini həyata keçirdiyini xatırladıb. Son olaraq o, bütün bu işlərdə yaxından kömək edən Mədəniyyət Nazirliyinə, Milli Məclisin Mədəniyyət Komitəsinə və Milli Kitabxanaya öz təşəkkürünü bildirib.

Bakıda qonaq olan Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklı təkliflə çıxış edib. Belə ki, o, bu gün təqdim olunan əsərin İstanbulda çap edərək, həm Türkiyədə, həm də Özbəkistanda təqdimatlarının keçirilməsini təklif edib.

Qənirə Paşayeva isə öz növbəsində Serhat Kabaklının 70 illik yubileyini Özbəkistanda da keçirmək təklifini irəli sürüb. Bu təkliflər tədbir iştirakçıları tərəfindən böyük məmnuniyyətlə dəstəklənib.

Tədbirin davamında , Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar, professor Ramiz Əskər, Xalq rəssamı Arif Hüseynov, jurnalistlər Aida Eyvazlı və Zöhrə Əliyeva, "Türk Ədəbiyyatı" jurnalının baş redaktoru İmdat Avşar və digərləri çıxış edərək müəllifi yeni kitabı münasibətiylə təbrik edib, B.Şərif yaradıcılığı haqqında yüksək fikirlərini söyləyiblər.

Öz növbəsində, görkəmli özbək yazıçısı Babaxan Şərif çıxış edərək tədbirin təşkilinə görə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qonaqlara Azərbaycan, Qarabağ motivli hədiyyələr təqdim ediblər. Qonaqlar da öz növbələrində kitabın çapında və tədbirin keçirilməsində zəhməti olan hər kəsə Özbəkistanın simvolu olan dəyərli hədiyyələr təqdim ediblər. O cümlədən, tədbirdə Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcidə Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazıçılar Birliyinin Fəxri üzvlük vəsiqələri təqdim olunub.

Diaspora