Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Paşayeva tanınmış şair, həkim Prof. Dr. Paşa Qəlbinuru 70 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.
Qaziler.az Qənirə Paşayevanın təbrikini təqdim edir:
“Hörmətli Paşa müəllim”,
Sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurlar diləyirəm!
Siz şöhrəti ölkəmizin hüdudlarını aşmış göz həkimi olmaqla yanaşı, təxəllüsünüz kimi qəlbi nur şairsiz. 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüsüz. Hələ 1983-cü ildə o dövrün (keçmiş SSRİ-də) ən nüfuzlu gənclik mükafatı ilə təltif olunmusuz.
Siz tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifisiz. Bununla yanaşı, poetik kəşfləriniz də sizə şöhrət qazandırıb. Haqqınızda bir sıra kitablar yazılıb.
Siz peşəkar ədəbi fəaliyyətə 1978-ci ildə “Ulduz” jurnalının 4-cü sayında gün üzü görən “Xal”, “Ay gecəyə hicran sıxır”, “Mən ilhamı gözlərimlə görmüşəm” şeirlərinizlə başlamısız. Dövri mətbuatda yaddaqalan çıxışlar etmisiz. İlk kitabınız “Ay bir əlçim buluddur” 1984-cü ildə yayınlanıb. (Bakı, “Yazıçı”). Sonrakı illərdə “Payız məktubu” (“Gənclik”, 1987), “Rəngli göz yaşları” (“Yazıçı”, 1990), “İtmiş həsrət kimi” (“Göytürk”, 1996), “Təbabət poeziyanın fəlsəfi əyarı kimi və ya maye işıq” (“Ozan”, 2002), “Ağlıma gələnlər başıma gəldi” (“Ozan”, 2003), “Qara su” (Moskva, “Flinta”, 2009), “Qara su. Göz dağı” (“Şərq-Qərb”, 2012), “İdrak ətri” (“Şərq-Qərb”, 2013) şeir, roman, esse kitablarınız gün üzü görüb.
Bir sıra populyar mahnıların sözləri sizə aiddir.
Sizi 70 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
MM Mədəniyyət Komitəsi sədri Qənirə Paşayeva tanınmış şair, həkim Prof. Dr. Paşa Qəlbinura Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. Tanınmış şair, həkim Prof. Dr. Paşa Qəlbinur səmimi sözlərə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.