2015-ci ilin 25-30 avqust tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalına Azərbaycan da dəvət olunmuşdur.
Qeyd edək ki, Festival iki ildən bir keçirilir və bu nüfuzlu musiqi tədbirində dünyanın 80-dən çox ölkəsinin musiqiçiləri iştirak edir.
Builki Festivalın açılışında YUNESKO-nun baş katibi İrina Bokova və Özbəkistan prezidenti İslam Kərimovun iştirakı gözlənilir.
Azərbaycan musiqiçiləri "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalında daim uğurlu iştirak etmişlər. Tanınmış müğənnilərimiz Alim Qasımov, Simarə İmanova, Zabit Nəbizadə, Aygün Bəylər, Qoçaq Əskərov və Arzu Əliyevanın çıxışları yüksək qiymətləndirilmiş və onlar ən yüksək mükafatlara layiq görülmüşlər.
Bu il "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalında ölkəmizi Azərbaycanın əməkdar artisti, tanınmış gənc xanəndə Təyyar Bayramovun rəhbərlik etdiyi "Buta" musiqi qrupu təmsil edəcəkdir. T.Bayramovu əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşaiyət edəcəklər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, iki ildən bir keçirilən beynəlxalq musiqi festivalının bu il 10-cu yubiley tədbirləri festivalın açılış mərasimində geniş qeyd olunacaqdır. Yubiley tədbirlərinə fəxri qonaq kimi festivalın ilk illərində qran-pri mükafatına layiq görülmüş müğənnilər dəvət almışlar. Azərbaycandan yubiley tədbirlərində "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalın ilk 1-ci iştirakçısı və festivalın qran-pri mükafatına layiq görülmüş (1997) Xalq artisti Simarə İmanova fəxri qonaq kimi iştirak edəcəkdir.
Builki Festivalın açılışı cari ilin 25 avqust tarixində nəzərdə tutulmuşdur və tədbir çərçivəsində "Ən yaxşı milli musiqi və musiqi alətlərini ifa edənlər" arasında müsabiqə, habelə elmi-nəzəri konfrans da keçiriləcəkdir.
Festival çərçivəsində keçiriləcək konfransda Azərbaycandan musiqişünas alimlər Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış edəcəklər.