Əsərləri Xarkov binalarını bəzəyən rəssam

Əsərləri Xarkov binalarını bəzəyən rəssam backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xalq rəssamı Cəlil Hüseynovu 65 illik yubileyi münasibəti ilə təbrik edib.

Qaziler.az xəbər verir ki, millət vəkilinin komitə adından təqdim etdiyi təbrik məktubunda rəssamın 1957-ci ildə Naxçıvanda anadan olduğu, 1973–1977-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (indiki Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci), 1977–1982-ci illərdə Xarkov Dövlət Rəssamlıq İnstitutunun Monumental rəngkarlıq fakültəsində (Ukrayna) təhsil aldığı, 1983-cü ildə SSRİ Rəssamlar İttifaqının, 1992-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçildiyi qeyd edilib.

C.Hüseynov 2000–2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru olub, 2003-cü ildən Rəssamlıq Akademiyasının Rəngkarlıq kafedrasının professorudur.

2002-ci ildə “Əməkdar incəsənət xadimi”, 2005-ci ildə isə “Xalq rəssamı” fəxri adına layiq görülmüsüz.

“Siz bir sıra monumental əsərlərin müəllifisiz. Belə əsərləriniz bu gün də Bakıda, Neftçalada, eləcə də Belqorod, Xarkov və Tiflisdə elm, təhsil, tərbiyə müəssisələrinin foyesini bəzəməkdədir.

1977-ci ildən davamlı olaraq respublika və beynəlxalq səviyyəli sərgilərin iştirakçısı olmusuz. Əsərləriniz qardaş Türkiyədə, ABŞ, Almaniya, Fransa, Gürcüstan, Ukrayna, Rusiya, İran, Suriya, BƏƏ və b. ölkələrdə təşkil edilmiş mötəbər sərgilərdə uğurla sərgilənib. Bir sıra əsərləriniz Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı Müasir İncəsənət Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.

Qardaş ölkənin Qars və İzmir şəhərlərində Heydər Əliyev adına Məslək liseylərinin binası, Bakıda Ali Neft Məktəbinin, “British College” (2015), Balakəndə Gənclər Mərkəzi, Uşaq İncəsənət Məktəbi, Qusarda Heydər Əliyev Muzeyi, Gənclər Evi, Şamaxı Etnoqrafiya Muzeyi, Naftalan İcra Hakimiyyətinin inzibati binası və b. memarlıq layihələri sizin əsərinizidir.

Sizin bir çox kitablar üçün yaratdığınız illüstrasiyalar və bədii tərtibatlar da məşhurdur. – Örnək olaraq, N.Gəncəvinin “Lirika”, B.Vahabzadənin “Şerlər”, N.Xəzrinin “Torpaq, sənə and içirəm”, Markesin “Gözlənilən bir qətlin tarixcəsi”, S.Səxavətin “Dar köynək”, M.Abdullayevanın “Tərk edilmiş yuvalar” adlı kitablarını göstərə bilərik.

Siz “Akademik rəngkarlıq” (2000), “Təsvir və müstəvi” (2002) dərsliklərinin müəllifisiz.

Sizi bütün uğurlarınız və 65 illik əlamətdar yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!” – məktubda qeyd edilib.

Q.Paşayeva xalq rəssamına Komitə adından Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Diaspora