Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənddə Azərbaycan və Özbəkistanın əməkdar artisti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansablının rəhbəri olmuş, tanınmış rəqqasə, ömrünün əsas hissəsini Özbəkistanda Azərbaycan musiqisinin, rəqslərinin təbliğinə həsr edən Kaykep Əliyevanın yaşadığı evin üzərində onun xatirə lövhəsinin açılışında çıxış edib.
Qaziler.az xəbər verir ki, Qənirə Paşayeva Azərbaycan və Özbəkistan arasında günü-gündən inkişaf edən mədəni əlaqələrdən danışaraq, 50 ildən artıq Özbəkistanda Azərbaycan mədəniyyətini, rəqslərini geniş təbliğ etmiş, təşkil etdiyi dərnəklərdə yüzlərlə azərbaycanlı, özbək uşaq və yeniyetməyə milli rəqslərimizi öyrədən Kaykep xanımın xidmətlərini xüsusi vurğulayıb və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirib.
Kaykep Əliyevanı yaxından tanıdığını deyən Q.Paşayeva onunla bağlı xatirələrini də paylaşıb və ömrünü Azərbaycan rəqs mədəniyyətinin təbliğinə və iki qardaş ölkə arasında münasibətlərin inkişafına həsr edən Kaykep xanımın həyat yolunun gənc nəsillər üçün örnək olduğunu bildirib.
Açılış mərasimində Azərbaycandan olan nümayəndə heyəti ilə yanaşı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, bu ölkənin mədəniyyət, incəsənət, ictimaiyyət xadimləri iştirak ediblər.
Q.Paşayeva Özbəkistanda yaşamış azərbaycanlı tanınmış rəssam, Özbəkistanda kino və teatr sahəsində böyük xidmətləri olmuş Yusif Hüseynovun yaşadığı binanı da ziyarət edib, MM-nin Mədəniyyət Komitəsinin və “Nəfəs” İB-nin dəstəyi ilə tanınmış rəssam haqqında hazırlanan film və proqramın çəkilişlərində iştirak edib.
Paşayeva daha sonra Özbəkistanda yaşamış tanınmış şair, ziyalı İxtiyar Rzanın yaşadığı binanı ziyarət edib, ailə üzvləri ilə görüşüb.
Komitəsinin sədri səfər zamanı Özbəkistanda fəaliyyət göstərən "Azərbaycan qızları" rəqs ansamblının kollektivi ilə də görüşüb. Q.Paşayeva eyni zamanda qardaş ölkədə fəaliyyət göstərən səfirliyimizi də ziyarət edib, fövqəladə və səlahiyyətli səfirimiz Hüseyn Quliyevlə görüşüb.
Millət vəkili ziyarət və görüşlər zamanı Daşkənddə yaşayan bir qrup azərbaycanlı soydaşlarımızla da görüşüb, fikir mübadiləsi aparıb. Q.Paşayeva iki qardaş ölkə Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında qardaş ölkədə yaşayan soydaşlarımızın hər zaman fəal rol oynadığını vurğulayaraq onlara fəaliyyətlərində uğurlar diləyib. Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva və nümayəndə heyəti üzvləri soydaşlarımızı maraqlandıran sualları da cavablandırıblar.