Avstriyanın füsunkar təbiətə malik Karintiya əyalətində klassik Azərbaycan musiqisindən ibarət konsert keçirilib.
Alp dağlarının qoynunda yerləşən Hayliqenblut qəsəbəsində təşkil olunan konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və məşhur violonçel ifaçısı və dirijor Dmitri Yablonski, eləcə də Vyana Konservatoriyası, Rixard Vaqner Konservatoriyası, Vyana Musiqi və Təsviri İncəsənət Universitetinin azərbaycanlı tələbə və məzunları çıxış ediblər.
Hayliqenblut bələdiyyəsinin tədbir zalında keçirilən tədbirdə yerli bələdiyyə rəsmiləri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Azərbaycan musiqisini Avstriyanın məşhur yay-qış turizm regionlarından birində tanıtmağa xidmət edən konsert Avstriyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Hayliqenblut qəsəbəsində yerləşən "Rupertihaus" hotelinin birgə təşəbbüsü, qəsəbə bələdiyyəsinin dəstəyi ilə gerçəkləşib.
Tədbiri giriş sözü ilə açan "Hotel Rupertihaus"in sahibi, iş adamı Fərid Haqverdiyev qonaqları salamlayıb. O, qonaqlara Azərbaycan haqda ümumi məlumat verərək, iki ölkə arasında oxşar cəhətlərə toxunub, xalqlarımızın zəngin incəsənət irsinə malik olduğunu, Motsart və Üzeyir Hacıbəyli kimi dühalar yetişdirdiyini qeyd edib. O, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu kimi tədbirlərin gələcəkdə də müxtəlif məkanlarda keçiriləcəyini diqqətə çatdırıb.
Hayliqenblut qəsəbəsinin meri Yozef Şaxner belə bir layihəyə təşəbbüs göstərdiyinə görə Azərbaycan tərəfinə təşəkkür edib. Bildirib ki, bu tədbirlər iki ölkə arasında mədəni əlaqələrin dərinləşməsinə töhfə verməklə yanaşı, klassik musiqi həvəskarlarına Azərbaycan musiqisi ilə tanış olmaq imkanı yaradacaq.
Sonra musiqiçilərə xatirə hədiyyələri təqdim olunub.
Konsert proqramında Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Soltan Hacıbəyli, Qara Qarayev, Vasif Adıgözəlov, Fikrət Əmirov, Tofiq Quliyev və digərlərinin əsərləri səsləndirilib.
Konsert tamaşaçıların sürəkli alqışları ilə başa çatıb.