2015-ci ilin 12 -15 avqust tarixində ABŞ-ın Nyu-York şəhərində yerləşən Fordham Universitetində keçirilən Söz və Musiqi Öyrənilməsi Assosiyasının təşkil etdiyi 10-cu beynəlxalq elmi konfransında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova iştirak etmişdir.
O, "Roman, qravüralar, kino, musiqi: Qara Qarayevin "Don Kixot" Simfonik Qravürlərinin adı üzərində düşünərkən" mövzusunda 45 dəqiqəlik çıxış etmişdir. Söz və Musiqi Öyrənilməsi Assosiyası 1997-ci ildə yaradılıb və 26 ölkədə üzvü var. Lakin keçmiş sosialist ölkələrindən heç bir ölkədən heç kim bu assosiyanın üzvü deyil. Azərbaycandan yalnız Alla Bayramova bu təşkilatın 2013-cü ildən yeganə üzvüdür.Konfrans Metropolitan Opera ilə yanaşı Fordham Universitetinin əsas binasında keçirilmişdir. Qara Qarayevin qızı Züleyxa xanım Qarayeva-Bağırova, onun həyat yoldaşı və dirijor Elşad Bağırov Vaşinqtonda olarkən Alla Bayramovanın çıxışını izləməyə gəliblər. Fordham Universitetinin professoru cənab Lorens Kramerə Azərbaycan mədəniyyətini və musiqisini təbliğ edən bəzi nəşrlər, o cümlədən, "Qara Qarayev: Həyat və Yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında" və CD-lər kitabxana üçün hədiyyə edilmişdir.
Alla Bayramova məşhur Metropolitan İncəsənət Muzeyinin Musiqi Alətləri şöbəsinin dəvəti ilə muzeyi ziyarət etmişdir. Oranın həm ekspozisiyasında, həm də iş otaqlarında olmuşdur. Şöbə müdiri Kennet Mur və kurator Brədli Ströyçen-Şrerer ilə görüşüb təcrübə mübadiləsi etmişdir. Alla Bayramova Azərbaycan musiqi alətləri (saz, tar) haqqında amerikalı həmkarlara ətraflı məlumat vermişdir.