“Məhəmməd Rəsulullah“ filminin məqsədi islamın əsl simasını dünya ictimaiyyətinə göstərməkdir

“Məhəmməd Rəsulullah“ filminin məqsədi islamın əsl simasını dünya ictimaiyyətinə göstərməkdir backend

İranın tanınmış kinorejissoru Məcid Məcidi bu ölkənin Radio və Televiziya Təşkilatının iclasında iştirak edərək çəkdiyi "Məhəmməd Rəsulullah" filmi haqqında danışıb.

Avqustun 20-də keçirilən iclas çərçivəsində jurnalistlərlə görüşən rejissor bildirib ki, filmin çəkilişinin çox çətin keçməsinə baxmayaraq iş prosesində heç vaxt yorğunluq hiss etməyib. M. Məcidi nəzərə çatdırıb ki, Danimarkada keçirilən film festivalında iştirak etməyə və əsərlərini nümayiş etdirməyə dəvət alıb. Lakin bu ölkədə bəzi mətbuat orqanlarının Məhəmməd Peyğəmbərin karikaturasını çəkib yaydığına görə dəvəti qəbul etməyib. Festivalın təşkilatçılarına yazdığı məktubda bildirib ki, "...mən müsəlman mənsublu sənət adamıyam və bütün dünya müsəlmanlarının müqəddəs hesab etdikləri peyğəmbərin təhqir olunduğu bir ölkəyə ayaq basmaram.."

M. Məcidi deyib ki, dünyada yayılan islamafobiyanın qarşısını almaq üçün insanlara əsl islamın simasını göstərmək lazımdır. Bu məqsədlə çəkdiyi "Məhəmməd Rəsulullah" filmi haqqında məlumat verən rejissor mətbuatda yer tapan bəzi fikirləri də təkzib edib.

Qeyd olunub ki, filmin çəkilişində həm şiə həm də sünni sənət adamları iştirak ediblər. Sünni alimlərdən tövsiyələr alınıb, mənbələrindən istifadə edilib. Ona görə də Məhəmməd Peyğəmbərin şiələr tərəfindən mənimsənilməsi kimi uydurma fikirlər həqiqəti əks etdirmir.

Xatırladaq ki, filmin çəkilişlərinə başlanılanda Peyğəmbərin üzünün göstəriləcəyi haqqında xəbərlər müsəlman aləmində müzakirələrə səbəb olmuşdur. Bu haqda danışan M. Məcidi qeyd edib ki, bu fikir də süni sürətdə şişirdilib. Biz əvvəldən Peyğəmbərin simasını göstərmək niyyətində olmamışıq.

Qeyd edək ki, M. Məcidinin "Məhəmməd Rəsulullah" filmi avqustun 27-də başlayacaq 36-cı Monreal Dünya Film Festivalına təqdim olunacaq. Sentyabr ayında isə film İranın kinoteatrlarında nümayiş etdiriləcək.
Diaspora