"Bilirsiniz ki, bizim kino ilə türk kinosu bir-birinə sıx tellərlə bağlıdır. O cümlədən də hər zaman qardaş ölkənin sənətçiləri ilə sənət və dostluq əlaqələrimiz olub. Etiraf edək ki, bu gün Türkiyə istehsalı olan filmlər bütün dünyada ilk pillədə yer tutur. Halbuki bizdə kino sahəsi Türkiyədəkindən də əvvəl yaranıb və böyük inkişaf yolu keçib. O illərdə Azərbaycanda Sovet filmləri həftəsi keçirilirdi. Bizim bir çox tanınmış aktyor və aktrisalarımız, Rasim Balayev, Leyla Bədirbəyli, o cümlədən də mən bu festivalda iştirak edirdik. Türkiyənin məşhur sənətkarları Türkan Şoray və Kadir İnanır da festivalda iştirak edirdi. Mən də bir film ilə Sovet ölkələrində məşhur olmuşdum. İstər Türkan xanımla, istərsə də Kadir İnanırla o illərdə yaxın dost olmuşdum. Daha sonra Türkan Şorayla Kadir İnanır Azərbaycana gəldi. Bakıda onları mən gəzdirirdim, günümüz birlikdə xoş keçirdi. Onları öz evimə qonaq gətirə bilməzdim, çünki o vaxt baxımsız şəraitdə yaşayırdım. Həm də o vaxtın qayda-qanunları tam başqa idi. Böyük sevgi ilə bir-birimizdən ayrıldıq. Türkan Şorayla Kadir İnanır mənə öz fotolarını imzalayıb verdilər. İndiyə qədər də mən o fotoları yadigar saxlayıram. Bu gün inanmıram ki, Türkan Şorayla Kadir İnanır məni görsələr tanıyarlar. Halbuki o vaxt Türkan Şoray mənə hədiyyə etdiyi şəkilə yazmışdı ki, “Ənvərə böyük sevgilərimlə”. Türkana görə həyat yoldaşım az qala məndən ayrılırdı (gülür). Təbii ki, zarafat edirəm, amma bir az qısqanclığı var idi”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış kinoaktyor Ənvər Həsənov bildirib. O daha sonra filmlərdə çəkdiyi əzab-əziyyətlərdən danışıb.
“Filmlərdə təhlükəli hadisələr qaçılmazdır. “Yeddi oğul istərəm” filmində Cəlalın ölüm səhnəsində 4 dəfə ölüb-dirilmişəm. Bu səhnə mənim üçün həqiqətən də çox ağır idi. Orada yıxılıb, “ölürəm”. Yerə yıxılıb, bir az uzanıram. Bir neçə dəqiqə keçəndən sonra gördüm ki, bütün kollektiv üstümə qaçdı ki, Ənvər sağsan? Özüm də təəccübləndim, fikirləşdim ki, görəsən onlar mənə niyə belə sual verirlər? Sən demə mən yerə uzananda bir ucu şiş daş, gicgah nahiyəmə toxunub. Onlar da elə biliblər ki, həmin daş mənim gicgahıma batıb, mən ölmüşəm. Bu səhnədən sonra hamı gəlib məni qucaqlayıb öpdü. Bir az fasilə edən kimi dedim ki, gəlin yenidən çəkək! Bu filmdə mənim əl-qolumu bağlayıb, atın üstünə otuzdurmuşdular. Qəfildən at təlimçinin əlindən çıxdı, onu heç kim saxlaya bilmədi. Mənim də əl-qolum bağlı, hərəkət edə bilmirəm. At qayaya tərəf gedirdi və bir neçə saniyə qalmışdı ki, özünü təpədən aşağı atsın. Sən demə texniki işçilərdən biri qayanın altında olub, yerindən sıçrayıb atı saxladı. Allah elə etdi ki, ölmədim, sağ qaldım. O insan mənim həyatımı xilas etdi" deyə sənətkar bildirib.
Xalq artisti bu gün də filmlərdə çəkilmək istədiyini bildirib.
“Hər şeyə razıyam, hər bir təhlükəyə dözərəm. Təki filmlər çəkilsin və mən də həmin filmlərdə çəkilim. Düzdü, bir neçə filmə dəvət gəlib, amma qəbul etməmişəm. Çünki mənə uyğun ssenari deyildi, həmçinin də rol zəif idi. İllərdir yığdığım hörməti, tamaşaçı sevgisini yerə vura bilmərəm” deyə xalq artisti bildirib.