Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edilib.
APA-nın xəbərinə görə, dəfn mərasimində Xalq yazıçısının ailə üzvləri, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Xalq yazıçısı martın 10-da Moskvada vəfat edib.
***
13:01
Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi baş çatıb.
APA xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən vida mərasimində Xalq yazıçısının ailə üzvləri, mədəniyyət naziri Anar Kərimov, Rusiya səfiri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev mərasimi açıq elan edib: “Mən bilmirdim ki, bu gün bu vəzifə mənə veriləcək. Yanımda dayananlar Rüstəm İbrahimbəyovla 60 illik dost olub. Mən isə, ən azı 40 ildir ki, onunla dostam".
Çingiz Abdullayev mərhum sənətkarın vəfatını dünya mədəniyyəti üçün itki hesab etdiyini vurğulayıb: “Bu gün biz nəinki ədəbiyyatımızın, mədəniyyətimizin dəyərli və böyük şəxsiyyətini itiririk, bu həm də dünya mədəniyyəti üçün itkidir”.
Mədəniyyət naziri Anar Kərimov isə Rüstəm İbrahimbəyovun vəfatının Azərbaycan ictimaiyyəti üçün böyük itki olduğunu qeyd edib: "Azərbaycan mədəniyyəti üçün ən kədərli günlərdən biridir. Azərbaycan ədəbiyyatının, kinosunun ən parlaq nümayəndələrindən birini itirmişik. Bu, bizim xalq üçün, mədəniyyətimiz üçün böyük itkidir. Mən buna görə, həm Azərbaycan ictimaiyyətinə, həm də Rusiya mədəni ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar isə kino sənətinin böyük bir sənətkarı itirdiyini diqqətə çatdırıb: “Rüstəm həm 20, həm də 21-ci əsrin övladı idi, amma, eyni zamanda, onda orta əsrlərin cəngavərlərinə xas mərdlik, igidlik də var idi. Onun nəsri də, dramaturgiyası da, filmləri də əbədiyyən yaşayacaq. Amma mən birmənalı olaraq deyə bilərəm ki, onun “İbrus” Teatrını biz hamılıqla yaşatmalıyıq, bu ondan qalan ən böyük yadigardır”.
Xalq şairi Ramiz Rövşən əziz dostunu itirdiyini söyləyib: “Bir ifadə var, deyirlər ki, əvəzolunmaz insan yoxdur. Mənə elə gəlir ki, insan haqda bundan qəddar və ədalətsiz bir söz deyilməyib. Heç bir insan əvəzolunan deyil. Ən azı doğmaları, əzizləri üçün. Amma Rüstəm İbrahimbəyov bir millət, xalq və hətta dünya üçün əvəzolunmaz adam idi. Bizim böyük şairimiz Rəsul Rzanın bir gözəl şeiri var: “Vaxt var ikən elə yaşa, sən gedəndən sonra hər kəsə aydın görünsün yerində qalan boşluq”. Rüstəm İbrahimbəyovun gedişindən sonra elə bir boşluq görünür ki, get-gedə bu boşluq kinomuzda daha çox görünəcək”, - Xalq şairi bildirib.
Onun sözlərinə görə, R.İbrahimbəyov Bakı həyətlərinin yetirməsi olub: “Eyni zamanda o, Bakı məhəllələrinin nəğməkarı idi. Çox qəribə idi ki, Bakı havası onun yazılarında da var idi. Eyni zamanda Rüstəm lap Bakının bağrının başından qopmuş bir adam idi. O, həm də dünya mədəniyyətinə qovuşan biri idi. Ona görə də onun əsərləri dünya üçün əhəmiyyətlidir, təkcə bizim, ya da keçmiş SSRİ üçün yox. Rüstəm Azərbaycan kinosunda neorealizmin şah əsərlərini yaradıb. Rüstəmin simasında həm yazıçı, həm dramaturq, həm də kinorejissor cəmlənmişdi. Mən əminəm ki, Rüstəmin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və kinosuna verdiyi töhfələrin dəyəri ildən-ilə artacaq. Allah rəhmət etsin, yeri behişt olsun!”
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Rüstəm İbrahimbəyovun Bakıya hər gəlişinin mədəniyyət sahəsi üçün inqilabi dərəcədə sevindirici hal olduğunu bildirib: “Toplaşırdıq, danışırdıq, bu bizim üçün böyük bir xoşbəxtlik idi”.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxışında mərhum sənətkarın hər sözünün, hər ifadəsinin arxasında fəlsəfə dayandığını söyləyib: “Musiqi olsun, siyasət olsun, kino olsun, hər birində onun öz mövqeyi var idi. Mərd adam idi, dost adam idi”.
Qeyd edək ki, R. İbrahimbəyov Fəxri xiyabanda dəfn olunacaq.
***
12:03
Nizami Kino Mərkəzində Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.
APA-nın xəbərinə görə, vida mərasimində Xalq yazıçının ailəsi, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.
Rüstəm İbrahimbəyov Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Xalq yazıçısı martın 10-da Moskvada vəfat edib.