Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədliyə görüşüb, onu 80 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.
Qaziler.az həmin təbriki təqdim edir:
“Hörmətli Cahangir müəllim,
Sizi, Azərbaycanın ustad jurnalisti, pedaqoqu, ictimai və elm xadimini 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyir, ən xoş arzularımı yetirirəm! Çox şadam ki, bu ilki yubileyinizi doğma Ağdamın düşmən işğalından azad olunması və Ağdam şəhərinin yenidən qurulması – azadlıqdan abadlığa keçid fonunda qeyd edirsiz.
Siz filologiya elmləri doktorusuz, indiyədək yüzlərlə elmi, publisistik yazınız dövri mətbuatda dərc olunub. BDU-da "İlin müəllimi" nominasiyasının qalibi olmuş, bundan əlavə jurnalistika sahəsində bir neçə nüfuzlu mükafata layiq görülmüsüz, Prezident təqaüdçüsüsüz.
2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini, 2005-2017-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri olmusuz.
Ədəbi tənqidə və jurnalistikaya dair kitablarınız, o cümlədən “Jurnalistikaya giriş”, “Müasir jurnalistika”, “Jurnalistikanın müasir inkişaf meylləri”, “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” oxucuların, elm və mədəniyyət ictimaiyyətinin marağına səbəb olub.
Sizi 80 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, Komitə üzvlərinin salam-sayğılarını çatdırıram”!
Görüşdə “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva və RHiM İB sədri Arzu Bağırova da iştirak edib. Onlar da professor Cahangir Məmmədlini təbrik edib, ona bundan sonraki fəaliyyətində uğurlar diləyiblər.