Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Türk İnteqrasiyası-30” adlı kitabın video-konfrans şəklində təqdimatında çıxış edib.
Qaziler.az xəbər verir ki, Qənirə Paşayeva son 30 il içində ümumtürk coğrafiyasında baş vermiş siyasi olaylar, türk xalqları arasında mədəni-humanitar işbirliyi haqqında danışıb:
“Günümüzdə Türk dünyasında bir sıra ciddi siyasi-fəlsəfi, mədəni-əxlaqi və sosial-psixoloji problemlər vardır. Bu problemləri aşağı-yuxarı Türk dünyasına aid hər bir yazar, araşdırmaçı ya da elm insanı bilməkdədir. Özəlliklə, bu cür problemlərin haradan qaynaqlanması, onun doğurduğu sonuclarla bağlı bəlkə də onminlərlə məqalə, yüzlərlə kitab yazılmışdır. Ancaq Türk dünyasının problemlərinə həsr olunmuş yazılarda çatışmayan cəhətlərdən biri sadəcə məsələni ortaya qoymaq olmuş, yəni həll yolları ya göstərilməmiş ya da bilərəkdən bilməyərəkdən, Türk insanına yanlış bilgilərlə təqdim olunmuşdur.
Türk dünyasının bu günü və gələcəyi türkçülüyün hansı istiqamətdə inkişafından asılıdır. Əgər türklük təxminən 2-3 yüzil bundan öncəki həqiqi, gerçəkçi bütövlüyünü, birləşdiriciliyini, bir sözlə, insanlıq fəlsəfəsini ortaya qoyarsa, o zaman yeni bir sivilizasiya yaranacaqdır. Bizcə, dünyada yeni bir güc olmağın ilk yolu türklüyü, türkçülüyü yenidən, yeni ruhla bərpa etməyimizdir. 44 günlük Azərbaycan Vətən Müharibəsi bu həqiqəti bizə aydın şəkildə göstərdi. Ortaq türk qurumlarının, beynəlxalq Türk Akademiyasının mənəvi dəstəyini, qardaş ölkələrimizin aydınlarının, qardaş xalqlarımızın həmrəyliyini unutmayacağıq.
Ötən ilin noyabrında elan olunmuş Türk Dövlətləri Birliyi çağdaş tariximizin çox önəmli hadisəsidir. Bu ulu yolda Türküstan piri Əhməd Yəsəvinin dediyi kimi, türkçülük – qədərimiz, din – seçimimiz, insanlıq isə vəzifəmizdir. Şübhə etmirik ki, yaxın zamanlarda Türk Birliyi tam gerçəkliyə çevriləcək və türk milləti yenidən dünyada ədalətin, əxlaqın, xoşgörünün, bir sözlə, insanlığın carçısı olacaqdır”!
Q.Paşayeva qardaş türk xalqlarının tarixi birliyi, çağdaş dönəmdə müstəqil türk respublikaları arasında sosial-mədəni işbirliyinin inkişafı üçün atılan addımlar, eləcə də qloballaşma ortamında türk dövlətlərinin müstəqil dövlətçiliyinin təmin olunması kimi məsələlərə toxunub.
BTA Prezidenti, akademik Darxan Kıdırəliyə, Akademiyanın fədakar kollektivinə könül dolusu təşəkkür edən Q.Paşayeva, müstəqil türk dövlətlərinin keçdiyi yola işıq salan çoxsaylı elmi məqalələrin yer aldığı “Türk İnteqrasiyası-30” adlı kitabda onun da məqaləsinin dərc olunduğuna görə təşəkkür edib, qarşıdan gələn Novruz bayramı münasibətilə bütün iştirakçıları, onların timsalında Türk dünyası aydınlarını təbrik edib.