Ağdam işğal olunandan sonra onun xarabazarlığının fotolarına, videogörüntülərinə, “Google Earth”də sputnik vasitəsi ilə çəkilmiş xəritəsinə baxanladan biri də mənəm. Doğma rayonumda öz kəndimizi, kəndimizdə məhəlləmizi, məhəlləmizdə isə evimizi axtarıram öncə.
Artıq öyrəncəliyik, amma ilk vaxtlar çaşıb qalırdıq - heç yeri tanıya bilmirdik. Elə bilirdik ki, elə Ağdam təsəvvürlərimzdəki kimi qalıb, qoyub gəldiyimiz kimi.
Zaman keçdikcə, o yerlərə real getmək imkanlarımız azaldıqca, əlacımız da kəsildi yavaş-yavaş. Ağdamsızlığa öyərşdiyimiz kimi, onu fotolarda, videogörüntülərdə, “Google Earth”də sputnik vasitəsi ilə çəkilmiş xəritələrdə tez tapmağa da öyrəşdik.
Bir məsələ də həmişə diqqətimi çəkir: inanclısı da, dinsizi də Ağdam xarabazarlıqlarına baxanda ilk Ağdam məscidini axtarır. Açığı, niyəsini mən də bilmirəm. Onun ardınca “Çörək muzeyi”, “Çay evi”, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsi üçün yaradılmış abidə-park kompleksi (Bunların hər biri ilə bağlı xeyli xatirələrim var.) və daha haralar.
Məsciddən sonra ilk tanıdığım yer indi cəmi üçcə tağı qalmış Əbdürrəhman bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının binası olub. Həmin teatrının binasının işğaldan sonra cəkilmiş rəngli bir fotosu var. Cəmi üçcə tağı qalmış teatr binasının qalıqlarını itburnu kolunun arxasından görüntüsü. Bəlkə o teatr binası haqqındakı xatirələrimin son akkordudur bu foto. Həm də ən qüvvətli və ən qüssəli akkordu. Hərdən o itburnu kollarına həsəd aparmağım gəlir...
Sizə də elə bu teatrdan danışmaq istəyirəm. Bu teatr Ağdamda 1923-cü ildən müxtəlif adlarda və formalarda fəaliyyət göstərməyə başlayıb, 1969-cu ildən isə Əbdürrəhman bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı adlanıb.
Yeri gəlmişkən, həyatımda ilk dəfə gördüyüm canlı teatr binası da, teatr səhnəsi də, canlı aktyor da, canlı aktyor ifası da Əbdürrəhman bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında olub. Təxminən 6-cı, ya da 7 - ci sinifdə oxuyanda bizi bu teatra aparmışdılar. Sovet hökumətinin hələ gözəl vaxtları idi. Ağdam mədəniyyət evinin avtobusları ilə gəlib Şıxbabalı kənd orta məktəbindən apardılar bizi. Biletin qiyməti də yadımdaır: 60 qəpik. Atam sovetin bir manatlığını verərdi mənə, “təklik” deyərdik o zaman manatlığa. Teatr binasına girişdə biletlərimizi qapıda dayanan qadına verib içəri keçərdik. Hər tərəf tərtəmiz və səliqəli olardı.
Elə bilərdim, nağıllar aləminə düşmüşəm... Böyük salon, divarlarda cərgə ilə düzülmüş çoxlu işıqlar, ortada böyük çil-çıraq, qırmızı rəngli oturacaqlar. Və səhnə! Tünd gilənar rəngli dalğalı pərdə ilə örtülmüş, bir uşaq gözlərində başqa bir dünyanı andıran səhnə.
Və birdə hələ indi, bu sətirləri yazarkən belə məni tərk etməyən həmin o qoxu. Ağdam teatr binasının mənim uşaq yaddaşıma hopmuş unudulmaz qoxusu. Nağıllar aləminin qoxusu. Bəlkə sizə qəribə gələr, amma o vaxtdan hər dəfə bədii əsər oxuyanda, ya bir tamaşaya baxanda burnuma o qoxu gəlir.
İndi nə qədər xatırlamağa çalışsam da, ilk baxdığım tamaşanı xatırlaya bilmirəm. Unutmuşam! Yadımda daha cox detallar qalıb. Ümumi təsir yadımdadı. Nağıllar aləminin sehrindən ayrıla bilməyən bir uşağın xatirələri necə ola bilər ki.
Arada fasilə zəngi çalınardı, bilet pulundan qalan 40 qəpiyə isə bir limonad, bir də “kojik” alardım. Uşaqlarla ləzzətli “ziyafət” təşkil edərdik...
Sonralar o səhnədə Türk yazıçısı Orxan Kamalın “Yad qızı” tamaşasına baxdıq. Azərbaycanın əməkdar artisti Tofiq Qarayev Məzhər rolunu oynayırdı. İndi də yadımdadır onun canlı ifası. O zaman Əbdürrəhman bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının səhnəsində çox istedadlı və peşəkar aktyorlar oynayırdılar. Adlarını xatırlayıram; Artist Mamed (Dəyərli dramaturqumuz Əli Əmirlinin atası), Simuzər xanım, Tofiq Qarayev, Fatma xanım...
Sonralar mən çox teatrlarda oldum- Bakıda, Moskvada, Kiyevdə, Nijni Novqorodda- müxtəlif teatr səhnələrində tamaşalara baxdım. Amma indi cəmi üçcə tağı qalmış o Ağdam teatrının qoxusunu heç yerdə duymadım...
İnşallah, azad olunmuş Ağdamda yeni, daha böyük və gözəl bir teatr binası tikiləcək. Əbdürrəhman bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı yenidən öz tamaşaçılarını toplayacaq. Mən də Bakı şəhəri də daxil olmaqla, Azərbaycanın müxtəlif rayondakı dostlarımı tamaşalara baxmağa dəvət edəcəm.
Rey Kərimoğlu