Martın 3-də Xətai Sənət Mərkəzində baş tutan sərgi Milli Məclisin Mədəniyyət Komitəsinin, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “NƏFƏS” İB-nin dəstəyi ilə keçirilib.
Qaziler.az xəbər verir ki, sərginin açılış mərasiminin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı bildirib ki, “Mismarlar incəsənətin keşiyində” adlanan fərdi sərgidə Aytən Əliyevanın mismarların və onlara dolanmış müxtəlif rəngli iplərin ahəngindən yaratdığı gözəlliklər nümayiş olunub. O, qeyd edib ki, tamaşaçılar sərgidə nümayiş olunan əsərləri alıb, öz evlərinə, iş yerlərinə, ölkəmizin mədəniyyət müəssisələrinə, muzeylərə qazandıra bilər: özəlliklə, işğaldan azad olunmuş ərazilərimizdə yenidən qurulacaq mədəniyyət, sənət ocaqlarımız bu gözəl sənət əsərləri ilə zənginləşə bilər. Mismarlar və saplarla yaradılan dekorativ tətbiqi sənət bir Azərbaycan sənət brendinə çevrilə bilər. Macarıstanın “Hunqarium”u kimi bizim də öz “Azərbaycanium”larımızla çıxış etməyimiz məqsədəuyğundur”.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva sərginin açılış mərasimində geniş çıxış edib.
İlk fərdi sərgisi keçirilən Aytən Əliyevanın və sərgidə iştirak edən xanımların timsalında bütün Azərbaycan qadınlarını qarşıdan gələn “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təbrik edən Q.Paşayeva, soyuq mismarlarla rəngli sapların isti harmoniyasından yaranan gözəl əsərlərin qadınlarımız üçün yaxşı bayram hədiyyəsi olacağını deyib.
Komitə sədri sərgi və müəllifin yaradıcılığı haqqında bilgilərini bölüşüb, bir sıra məslələlərə toxunub: “Biz rəsm və heykəltaraşlıq əsərlərindən, o cümlədən dekorativ tətbiqi sənət örnəklərindən zövq alırıq. Aytən xanımın 9 illik əl əməyi, göz nurunun bəhrəsi olan bu sənət əsərləri qarışıq texnikalı, müxtəlif mövzulu olması ilə də diqqəti çəkir. Onun əsərlərinin, yanaşmalarının əsas özəlliyindən danışası olsaq, mənə elə gəlir, müəllifin sənətlə elmi bir araya gətirməsi, konkret olaraq, riyaziyyatı, necə deyərlər, ruhunun həndəsəsini, mühəndisliyi də ustalıqla şəkilləndirməsi vurğulanmalıdır. Bəli, doğrudan da, mismarlar sənətin keşiyində durub. Etiraf edək ki, kətan, taxta, dəmir, şüşə səthlərdən fərqli olaraq, mismar dekorativ tətbiqi sənətdə qeyri-ənənəvi vasitədir, odur ki, onunla yaranan, məsələn, mükəmməl ağac, adam fiqurları böyük maraq doğurur, zövq oxşayır.
Mən həmişə o fikri vurğulayıram ki, biz kiməsə, özəlliklə ölkə xaricindən olan qonaqlarımıza hədiyyə verərkən, öz sənətçilərimizin əsərlərinə, öz milli istehsalımıza üstünlük verməliyik. Buyurun, mismarlarla, saplarla işlənmiş gözəl əsərləri öz doğmalarınıza, qonaqlarınıza hədiyyə edə, bununla sənətə, sənətçiyə dəstək vermiş olarsınız.
Biz Aytən xanımla Milli Məclisdə görüşüb, ətraflı müzakirə apararkən, təşəbbüs irəli sürərək, bu sərginin təşkil edilməsini qərarlaşdırdıq, sərgiyə çıxarılacaq əsərlərdən, onların mövzusundan, bu işin perspektivlərindən danışdıq, fikir mübadiləsi apardıq. Bu il, Şuşa İlidir, müxtəlif tədbirlər keçiriləcək, yeni əsərlər sərgilənəcək. Paytaxtımızın ən gözəl sənət ocaqlarından birinə çevrilmiş Xətai Sənət Mərkəzində, Aytən Əliyevanın 9 illik zəhmətinin bəhrəsi olan əsərlərdən ibarət ilk fərdi sərgisinin keçirilməsini özlüyündə bir mədəniyyət, sənət hadisəsi hesab edirəm. Burada sərgilənən əsərlər həm mövzu genişliyi, o genişlik içində etnoqrafik etüdləri ilə həm də bir Azərbaycanlı xanımın əl işləri olması ilə seçilir.
Mən bizim dəvətimizi qəbul edib, bu gün bizimlə bir yerdə olan Millət vəkili həmkarım, Komitəmizin yeni üzvü Razi Nurullayevə, rəssamlarımıza, sənətşünaslarımıza, mədəniyyət işçilərimizə, incəsənətimizin tanınmış nümayəndələrinə, vətəndaş cəmiyyəti institutlarınn hörmətli təmsilçilərinə, gənclərimizə - hər kəsə çox təşəkkür edirəm. Bu sərginin təşkilinə dəstək verən qurumlara, onların hörmətli rəhbərləri Arzu xanım Bağırova, Firəngiz xanım Balakişiyevaya, Xətai Sənət Mərkəzinin rəhbəri Zahid Əvəzova xüsusi təşəkkürlərimi yetirirəm.
Çıxışımın sonunda Aytən xanıma yeni uğurlar arzulayıram. Onun bugün bizimlə bir yerdə olan – öz mənəvi dəstəklərini Aytən xanımdan əsirgəməyən ata-anasını, ailə üzvlərini alqışlayır, ən xoş diləklərimi yetirirəm”!
Sonra Aytən Əliyeva çıxış edərək, həyatda üzləşdiyi çətinliklərin onun sənətə gəlişində oynadığı mühüm roldan, sənətin qurtarıcılıq funksiyasından danışıb, ürək sözlərini bölüşüb. Aytən Əliyeva tədbirin təşkilatçılarına, sərgiyə təşrif buyuran bütün sənətsevərlərə minnətdarlıq edib.
Açılışda Millət vəkili Razi Nurullayev, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, RHİM İB sədri Arzu Bağırova, sənətşünas alim, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Aytən Əliyevanın qardaşı, “MisraTV”nin qurucu-sədri Fuad Abbasov sərgilənən əsərlərin ideya, estetik dəyərlərindən danışıb, ürək sözlərini bölüşüblər.
Sərgidə nümayiş olunan əsərlərin 21-i təşkilatçılar - MM Mədəniyyət Komitəsi, "NƏFƏS" İB, ABAİ İB və RHİM İB tərəfindən, 10-a yaxın əsər isə açılışda iştirak edən sənətsevərlər tərəfindən alınıb.
Arzu edənlər sərgini bu linkdən izləyə bilər: