"Xocalı Soyqırımı: şahidlərin dilindən" kitabı Qazaxıstanda nəşr olunub - FOTO

"Xocalı Soyqırımı: şahidlərin dilindən" kitabı Qazaxıstanda nəşr olunub -  FOTO backend

Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində, "Xocalı Soyqırımı: şahidlərin dilindən" kitabı qazaxcaya çevrilərək, Almatıda, "JasA" mətbəsində nəfis tərtibatla gün üzü görüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və keçmiş Millət vəkili, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədovanın yazmış olduğu kitabı qazaxcaya Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, istedadlı yeni nəsil qazax yazıçısı Erkinbek Serikbay çevirib. (E.Serikbay bundan öncə "Qarabağ hekayələri"ni də qazaxcaya çevirmişdi).

Kitabın önsöz müəllifi Azərbaycanın Qazaxıstandakı Fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, baş redaktoru Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı, məsləhətçisi tanınmış qazax araşdırmaçı-yazarı Nurqali Jusufbaydır.

Kitab Azərbaycanın Qazaxıstandakı Səfirliyinin Nur-Sultanda təşkil etdiyi anım tədbirində və Milli Məclisin Mədəniyyət Komitəsinin əlaqdar qurumlarla birgə təşkil etdiyi onlayn konfransda  təqdim olunub.

Adından da göründüyü kimi, kitab şahid ifadələri əsasında yazılıb, təsdiqedici fotolarla tərtib edilib. Müəlliflər emosiyalardan daha çox məhz faktlara, sənədli-sübutlu gerçək hadisələrə və yaşayan şahidlərin ifadələrinə əsaslanıb.

"Xocalı Soyqırımı: şahidlərin dilindən" kitabı bundan öncə Türkiyədə yayınlanmış, habelə urdu dilinə çevrilmişdi. Kitabın gələcəkdə özbək, rus, ingilis, ərəb dillərində də nəşr edilməsi nəzərdə tutulub.

Diaspora