Fevralın 25-də Bakı şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.
Qaziler.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Radasının, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Mədəniyyət Nazirliyinin iştirakı ilə təqdim ediləcək tamaşa Ukraynanın “Qara kvadrat” improvizasiya teatrı tərəfindən Opera və Balet Teatrında təqdim ediləcək.
Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş 25 uşağın faciəsinə həsr olunmuş tamaşa ilk dəfə 2019-cu ildə Kiyevin “Bravo” teatrında səhnəyə qoyulub. Maraqla qarşılanan əsər Kiyev tamaşaçılarında böyük rezonans doğurub.
Xatırladaq ki, layihənin rəhbəri UABD sədri Hikmət Cavadov, ideya müəllifi və koordinatoru UABD sədrinin müavini Murad Cəfərovdur.