Türkiyəli rejissor Salahettin Sancaklı Şuşa şəhərinin düşmən tapdağından azad olunmasına həsr olunan film çəkəcək.
Musavat.com xəbər verir ki, bu gün bununla bağlı Nizami Kinoteatrında mətbuat konfransı keçirilib.
Konfransda Salahettin Sancaklı ilə yanaşı türkiyəli aktyor Ertuğrul Şakar, "Eslem Film Yapım" şirkətinin rəhbəri Metin Yüncel, rejissor Yalçın Çoban, azərbaycanlı aktrisa Xuraman Nicat iştirak ediblər.
Rejissor Salahettin Sancaklı Şuşa Zəfərinə həsr olunan ekran işinin ssenarisinin hazır olduğunu bildirib. Filmdə azərbaycanlı və türk aktyorlar rol alacaqlar. Ekran əsərinin çəkilişlərinə iyulda start veriləcək. İstehsaçıların sözlərinə görə, filmin büdcəsi üçün yüksək məbləğdə maliyyə ayrılacaq.
Konfransda iştirak edən aktyor Ertuğrul Şakar ekran işinin dünya kinoteatrlarında da nümayiş olunacağını bildirib:
"Hazırda azərbaycanlı və türkiyəli aktyorlarla danışıqlar prosesi gedir. Filmdə rol alacaq şəxslərlə müqavilələr imzalandıqadan sonra onların adı mətbuata açıqlanacaq. Ekran işinin əsas kadrları Şuşada lentə alınacaq. Biz Şuşa ilə bağlı layihəmizi dünya film bazarına çıxaracağıq".
İstehsalçılar filmin digər kadrlarının Azərbaycanın başqa bölgələrində çəkiləcəyini qeyd edib.
Qeyd edək ki, Selahettin Sancaklı "Asmalı Konak", "Kurtlar Vadisi Pusu" kimi populyar ekran işlərinin rejissorluğunu edib.