Azərbaycanın Əməkdar artisti Novruz Qartal (Əliyev) vəfat edib.
Bu barədə "Report"a Akademik Musiqili Teatrın əməkdaşı Əjdər Dadaşov məlumat verib.
Qeyd edək ki, Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.
Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb.
1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib.
1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətini yenidən davam etdirən N.Əliyevin yaradıcılığında yeni obrazlar silsiləsi yarandı: "92 dəqiqə gülüş"də Xəstə, "On min dollarlıq keyf"də Dayıoğlu, "Hərənin öz ulduzu"nda Kələntər, "Dəli dünya"da tın-tın Əsəd, "O olmasın, bu olsun"da Məşədi Qəzənfər, "Bankir adaxlıda dilənçilər padşahı, "Əlin cibində olsun"da Dilənçi, "Məhəbbət oyunu"nda Daşdəmirov, "Volqalı canan"da Müqəddəsov, "Şeytanın yubileyi"də Şirvan, "Kələkbazlar"da Əlipaşa və s.
25 iyun 2013-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. O, bir neçə dəfə Prezident mükafatına layiq görülüb.
Novruz Əliyev (Qartal) noyabrın 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində əməliyyat olunub.