Rusiyanın Perm şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Diasporla İş üzrə DÖvlət Komitəsindən Qaziler.az-a verilən məlumata görə, Perm diyarı Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin və onun nəzdindəki Gənclər Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Perm şəhər Dumasının sədr müavini Maksim Spiridonov, Perm şəhər administrasiyasında özünüidarəetmə məsələləri üzrə idarənin millətlərarası və dinlərarası münasibətlər şöbəsinin müdiri Anna Zavyalova, diyarın regional müsəlman icmasının imamı Artur Həzrət Urazov, Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Perm diyarı Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Çingiz İsayev və qonaqlar soydaşlarımızı bayramlar münasibətilə təbrik ediblər. Azərbaycan diasporunun şəhərin ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında fəal iştirak etdiyi və millətlərarası dostluğa töhfələr verdiyi yüksək
qiymətləndirilib. Tədbir iştirakçıları Qarabağın 30 illik erməni işğalından azad edilməsində və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında misilsiz xidmətlər göstərmiş Azərbaycan Prezidenti İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib, onun bütün dünyada nüfuzlu lider kimi tanınması ilə qürur duyduqlarını bildiriblər.
Sonra diaspor quruculuğunda aktiv fəaliyyətlərinə görə icmanın bir qrup üzvünə Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanları təqdim edilib.
Tədbir azərbaycanlı sənətçilərin iştirakı etdiyi bayram konserti ilə davam edib.