Tokioda Azərbaycan mahnıları və rəqsləri alqışlarla qarşılanıb - FOTO

Tokioda Azərbaycan mahnıları və rəqsləri alqışlarla qarşılanıb -  FOTO backend

Tokio şəhərinin məşhur Qinza əyləncə mərkəzindəki “Swing Jaz Club”da keçirilən konsert zamanı dünyanın müxtəlif xalqlarının caz musiqisi, o cümlədən Azərbaycan mahnıları və rəqsləri də təqdim olunub.

Dİasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a daxil olan məlumata görə, Yaponiya Mədəniyyət Nazirliyinin “Gələcək üçün incəsənət” layihəsi çərçivəsində baş tutan konsertdə Azərbaycan diasporunun fəal üzvü Dilarə Qazıyeva-Sato da çıxış edib. Soydaşımız tanınmış caz ifaçısı, “Excellence Award” mükafatının qalibi xanım Kyoko Yamamotanın Azərbaycan dilində və caz üslubunda səsləndirdiyi “Sarı gəlin” və “Bana-bana gəl” mahnılarını rəqslə müşayiət edib. Kyoko Yamamotanın və Dilarə Qazıyeva-Satonun ifasında təqdim olunan Azərbaycan mahnıları və rəqsləri tamaşaçıların gur alqışları ilə qarşılanıb.

Azərbaycan musiqisinin ifasından öncə K.Yamamota yapon tamaşaçılara ölkəmiz, milli musiqimiz və rəqslərimiz barədə ətraflı məlumat verib. Gözəlliyi ilə xarici turistləri heyran edən Bakını Avropa və Asiya mədəniyyətinin parlaq nümunəsi adlandırıb. Qeyd edib ki, biznes əlaqələri qurmaq məqsədilə ölkəmizə səfər edərkən çox zəngin milli musiqi ilə qarşılaşıb. Ritmlərin fərqliliyi, xüsusilə pop musiqisinin çox maraqlı olması səbəbindən orijinallığı ilə seçilən Azərbaycan musiqi nümunələrini öz repertuarına daxil etməyi qərara alıb.

“Sarı gəlin” və “Bana-bana gəl” mahnılarının yapon tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanacağına əmin olduğunu vurğulayan K.Yamamota bildirib ki, gələcək fəaliyyətində də Azərbaycan musiqisi nümunələrinə geniş yer verəcək. “Düşünürəm ki, Azərbaycan musiqisinin Tokioda səslənməsi bu zəngin
mədəniyyəti Yaponiyada tanıtmaqla yanaşı, həm də iki dost xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm təsir göstərəcək”, - deyə populyar müğənni əlavə edib.

Diaspora