Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar dekabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” dastan-tamaşası təqdim olunacaq.
Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının Apa-ya verdiyi məlumata görə, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı dastan-tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
“Nizami Gəncəvi ili” çərçivəsində keçirilən dastan – tamaşanın ssenari müəllifləri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlidir, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.
Dastan-tamaşada Qələndər Zeynalov (Ustad aşıq), Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (Leyli), Əli Zeynalabdinov (Qeys), Kəmalə Qubadlı (Leylinin anası), Elməddin Məmmədli (Qeysin dostu Zeyd), Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva (Qeysin anası), Şahniyar Əliyev (Qeysin atası), Nəbi Nağıyev (Leylinin atası), Eldar Bağırov (Səyyad), Elman Talıstanlı (Salam şahzadə), Əli Tapdıqoğlu (Nofəl pəhlivan) və saz ifaçıları Afil Bəxtiyarov, Ayxan Məlikov, Coşqun Əsgərov iştirak edəcəklər.
Dastan-tamaşanın 10 manatdan başlayan biletlərini şəhərimizin kassalarından əldə edə bilərsiniz.