2014-cü ildə Qız Qalasını 215407, Şirvanşahlar Sarayı Kompleksini isə 81482 nəfər yerli və xarici qonaq ziyarət edib. QAZİLƏR.AZ saytının verdiyi xəbərə görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumatda deyilir ki, 2012-2013-cü illərlə müqayisədə ziyarətçi sayında artım müşahidə olunub:
“Aparılan uzunmüddətli konservasiya işlərindən və yeni muzey ekspozisiyasının qurulmasından sonra 2014-cü ilin yanvar ayında Qız Qalası yenidən öz qapılarını ziyarətçilər üçün açıb. Həmçinin, həmin ilin mart ayında da Şirvanşahlar Sarayı Kompleksində dünya standartlarına cavab verən yeni muzey ekspozisiyası yaradılaraq ictimaiyyətə təqdim edilib. Hər iki yeni ekspozisiya muzeylərə gələn qonaqların zövqünü oxşayıb və nəticədə 2014-cü ildə İçərişəhərin bu muzeylərinə gələn ziyarətçilərin sayında əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Eyni zamanda, 2014-cü ildə Təhsil Nazirliyinin dəstəyi ilə 93 orta ümumtəhsil və 4 internat məktəbinin şagirdləri üçün İçərişəhərdə və burada yerləşən muzeylərdə ödənişsiz bələdçi turları təşkil edilib”.