Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə rus dilində "Qarabağ ədəbiyyatı" elektron toplusu hazırlanır.
"Effektiv Təşəbbüslər Mərkəzi" İctimai Birliyinin həyata keçirdiyi layihə orta əsrlərdən müasir dövrədək Qarabağda yaşayıb-yaratmış 100-dən çox şair, yazıçı və mütəfəkkirin bioqrafiyası, yaradıcılığı və əsərlərindən nümunələri ilk dəfə toplu halında rusdilli oxuculara təqdim edəcək. Toplu ictimai birliyin 2009-cu ildən həyata keçirdiyi "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə" layihəsinin növbəti mərhələsidir. "Qarabağ ədəbiyyatı" toplusu www.azerbaycanli.org saytının rus versiyasında yerləşdiriləcək.
Mədəni irs hər bir xalqın yaşadığı torpaqda tarixini, qədimliyini sübut edən başlıca meyardır. Əzəli yurd yerimiz olan Qarabağda yaşayıb-yaratmış mütəfəkkir və ədiblərin zəngin irsi də bu baxımdan xüsusilə dəyərlidir. Bu irsin öyrənilməsi, tədqiq və təbliğ olunması, müxtəlif xarici dillərdə dünyaya çatdırılması böyük əhəmiyyət daşıyır. Rus dilində "Qarabağ ədəbiyyatı" toplusu da bu məqsədə xidmət edir.