“Bir musiqiçi kimi sənət dostlarımla, həmyerlilərimlə birgə Şuşada musiqi günündə gözəl bir gün yaşadıq. Şuşada, Üzeyir Hacıbəylinin doğulduğu torpaqda musiqi festivalının keçirilməsi hamımız üçün ayrıca bir əhəmiyyətə malikdir. Çox sevinirik ki, torpaqlarımız işğaldan azad olundu və xalq musiqimiz Qarabağ torpağında, Natəvan bağında, Üzeyir bəyin izdihamlı, möhtəşəm heykəlinin önündə bir daha səsləndi. Mən hesab edirəm ki, bu günü bizə bəxş edən səbəbkarlar var və o səbəbkarlara ömür boyu minnətdarıq. İlk növbədə şəhidlərimizin ruhu qarşısında baş əyirik, onların ruhlarına, cəsarətlərinə minnətdarıq. Onlar canlarından keçərək ata-baba torpaqlarımızı bizə qaytardılar. Qarabağda bu gün gözəl günlər yaşayırıq, quruculuq işləri gedir. Təbii ki, buna görə də Ali Baş Komandanımıza minnətdarıq”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Anar Şuşalı deyib. O daha sonra əlavə edib.
“Bu möhtəşəm konsertdə sənət dostlarımla çıxış edirdim. Dahi Üzeyir bəyin iki romansından biri - “Sənsiz”i ifa etmək mənim üçün çox qürurverici idi. Çünki uzun illər biz arzulayırdıq, çıxış edəndə bir-birimizə deyirdik ki, o gün olsun Şuşa səhnəsində, Xurşidbanu Natəvanın evində çıxış edək. Bu gün həmin arzular reallaşıb. Vasif Adıgözəlovdan, Üzeyir bəyin “Arşın mal alan”ından ifa etmək ayrıca qürur hissi idi. Bu gün bəstəkarlarımızın ruhu da şaddır. Bir faktı da qeyd edim ki, 9-10 yaşım olanda Üzeyir Hacıbəylinin ev muzeyində eksponatlara baxanda təsirlənmişdim və atamın qulağına pıçıldamışdım ki, mən oxumaq istəyirəm. O, çox təəccüblənmişdi. Yadımdadır, Üzeyir Hacıbəylinin büstü var idi, onun qarşısında “Sevgili canan”ı oxumuşdum”, - deyə Anar Şuşalı bildirib.
Əməkdar artist daha sonra Şuşadakı evlərindən də danışıb.
“Bizim möhtəşəm qələbəmizdən sonra mən artıq 3-cü dəfədir ki, Şuşanı ziyarət edirəm və hər gəlişimdə bir-birindən daha güclü hisslər keçirirəm. Bu hissləri həqiqətən də dilə gətirmək, sözə çevirmək çox çətindir. Təbii ki, dağıdılmış binaları, bizim qədim abidələrimizi görəndə adamın ürəyi ağrıyır, düşmənə qarşı nifrət bir daha artır. Amma Şuşa hər gün dəyişir, sürətlə quruculuq, abadlıq işləri gedir. Biz evimizə də gedib dostlarla baxdıq. Əvvəlki vaxtlarda da gələndə baxmışdım evimizə, heç bir dəyişiklik yoxdur. Bu dəyişikliklər mərhələli şəkildə olacaq. Bizim evimiz Yuxarı Gövhər Ağa məscidinin yanında, sol tərəfdən aşağı hissədə yerləşir. Digər qohumların evləri demək olar ki, tamamilə yoxdur. Həqiqətən də ermənilər bizim qədim tikililərimizə, abidələrimizə qarşı qəsdən soyqrımı ediblər. Bu baxımdan şəhərdə ürək ağrısı ilə gəzirik. İnşallah ki, quruculuq işlərindən sonra Şuşaya gəlib, yaşamaq, mədəniyyətimizi yüksəltmək bizə nəsib olar”, - deyə əməkdar artist bildirib.