Azərbaycanın Braziliyadakı Səfirliyinin dəstəyi və braziliyalı musiqiçi Benjamin Taubkinin dəvəti ilə tar ifaçısı, Azərbaycanın əməkdar artisti Sahib Paşazadə Braziliyanın San Paulo ştatının Braqanza Paulista şəhərində keçirilmiş "Serrinya" İncəsənət Festivalında iştirak edib
O, sözügedən tədbirdə Braziliyadan və dünyanın müxtəlif ölkələrindən gəlmiş milli musiqi alətləri ifaçıları ilə 10 günlük yaradıcılıq təcrübəsi mübadiləsi həyata keçirib və onların birgə ifaları səsyazmaya alınıb.
Həmçinin, Sahib Paşazadənin Braziliyanın San Paulo şəhərindəki "Casa do Nucleo" adlanan mərkəzdə solo konserti baş tutub. Konsertin əvvəlində "Casa do Nucleo" mərkəzinin rəhbəri, B.Taubkin çıxış edərək, Azərbaycanın zəngin mədəniyyəti, tar musiqi aləti haqqında məlumat verib və Sahib Paşazadəni təqdim edib.
S.Paşazadə Azərbaycan tarının tarixi, inkişafı və texniki imkanları barəsində tamaşaçılara ətraflı məlumat vermiş, həmçinin 2012-ci ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini qeyd etmişdir.
Konsert zamanı ifaçı "Seygah", "Mahur-Hindi", "Bayatı-Şiraz", "Cahargah" kimi Azərbaycan muğamlarından parçalar və "Azərbaycan", "Bənövşə", "Naz-Nazı" və digər Azərbaycan milli rəqslərini habelə, braziliyalı bəstəkarı Zeqinya Abreunun "Tiko-Tiko" əsərini Azərbaycan musiqisi ilə sintez edərək ifa edib. Onun ifası auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, S.Paşazadənin Braziliyadakı çıxışları Azərbaycan musiqisi və mədəniyyətinin bu ölkədə tanıdılmasına xidmət edib.
Məlumat üçün bildiririk ki, "Serrinya" İncəsənət Festivalının bədii rəhbəri olan Benjamin Taubkin 2013-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalında iştirak edib və Azərbaycan bəstəkarı Eldar Mansurovun "Bayatılar" musiqisini Braziliyada ifa edib.