65 yaşlı uşaq öldü, Təbrizin bir səsi də batdı...

65 yaşlı uşaq öldü, Təbrizin bir səsi də batdı... backend

İnsan nə qədər səmimi ola bilərdisə, nə qədər özü olmalıydısa, nə qədər öz içində uşaqlığını yaşada bilərdisə, o qədər idi Yaqub Zurufçu.

Uşaqlığını içində yaşatmaq bəlkə də çoxumuza aiddir: hər əzəmətli kişinin (qadının) da içində uşaq gizlənə bilər. Bu “uşaq” bizi hər zaman özümüz kimi saxlayır, dönməyə və dönük olmağa qoymur və nə qədər o içimizdə yaşayırsa, nə qədər onu içimizdə öldürməmişiksə, insan oğlu insan oluruq.

İçimizdə uşaq saflığını öldürəndə qətl başlayır – insanlıq qətli: insan qatilindən isə hər təhlükə gələr – dosta da, sirdaşa da, Vətənə də...

Yaqub Zurufçu uşaqlığını içində yaşadan deyildi, əslində, uşaq kimiydi: gülüşüylə, oxumasıyla, danışığıyla, jestləriylə.

Onun ifa zamanı belə etdiyi hərəkətlərdə elə bir uşaq sadəlövhlüyü, səmimiyyəti, gözəlliyi və şirinliyi vardı ki, adamın ürəyi atlanırdı.

İndi yəqin bunları oxuyanda elə düşünürsünüz ki, onunla illərlə tanış olmuşam, söhbət etmişəm... Qətiyyən. Biz yalnız bircə dəfə görüşmüşük, bircə dəfə, o da bir neçə ay öncə sırf təsadüfən, bir əziz millət vəkilinin sayəsində. Tanışlıq idi. Xeyli söhbətimiz oldu və... Zurufçu illərdir təsəvvürümdə olan obrazını yalnız və yalnız tamamladı.

1989-90-larda, hərəkat zamanı, “Ayrılıq” ifasından, müsahibələrindən, efirdəki danışıqlarından hansı təəssüratım vardısa, üstünə bir daha bu əlavə gəldi: “Bu, hələ də uşaqdı ki!”

O, sadə adam deyildi, adi adam da deyildi: o, sadənin özüydü, adiliyi ilə isə qeyri-adiydi, özünəməxsus idi, tək idi: elə gülürdü ki, ürəyin açılırdı. Çünki gözünün içinə qədər, üzünün qırışına qədər, ağzına, dilinə qədər... gülürdü.

Ancaq uşaq elə gülə bilər.

Bir az da dilini basırdı və bu onu lap körpə edirdi – səmimiyyətinə səmimiyyət, özünə-sözünə könül, söhbətinə ürək qatırdı.

***

Onunla görüşəndə heç düşünmədim ki, bu, ilk tanışlıqdır, ilk qarşılaşmadır. Sanki (və məncə) illərdir onu tanıyırdım, qəribə bir könül yaxınlığı duydum.

Xatırlatma verdim, onun ən çox sevdiyim mahnısının redaksiyamızdakı taleyindən danışdım.

Sizə də deyim: 97, ya da 98 idi, yeni albomu çıxmışdı, “Xalq qəzeti”ndə reklamı yayılırdı, onlarla kasetini də redaksiyaya bağışlamışdı... Deyəsən, bağışlamamışdı, Mahal İsmayıloğlu (rəhmətlik) “reklaməvəzi” almışdı – nəsə belə bir şey yadıma gəlir.

İndiki gənclik bilərmi-bilməzmi, lentli kasetlər vardı, disk-filan yox idi, o vaxt “albom” da deməzdik, eləcə, “kaseti çıxıb” deyərdik.

Birini də mən götürdüm o kasetin. “Yenə dəniz, tanış dəniz, dalqalarla danış, dəniz...”

Hə, məhz “dalqa”, “dalğa” demirdi: dilini basan uşaq kimi, şip-şirin...

O qədər sevdim ki bu mahnını, o qədər dinlədim ki... Aylarla dilimin əzbəri oldu...

Onu xatırlatdım, şirin-şirin güldü...

Vətəni öz bildiyi kimi sevərdi, öz bildiyi kimi davranardı və əlbəttə ki, öz bildiyi də uşaq yanaşmasından kənar deyildi.

Ondan “siyasət” gözləyənlər, bir bilsəniz necə səhv edirdiniz!

O üzün, o gülüşün, o ləhcənin, o uşaq ürəyin sahibi nə bilir “siyasət”, helm nədir; hardan bilir kimin yanında necə danışmaq, kimə nə cür yaltaqlanmaq, kimə hansı tərəfdən yanaşmaq lazımdır.

O yalnız düşündüyünü deyirdi, cığal uşaq kimi bəzən inad edirdi, bəzən də...

O saflığın, o təmizliyin, o uşaq şivənin nəticəsiydi ki, dırnağının tayı olmayanlardan fərqli olaraq, əməkdar artist kimi öldü...

Hələ efir məhdudiyyəti də vardı. Daha doğrusu, efirə çağırmırdılar və ya çox nadir hallarda dəvət edirdilər – söhbətimizdə bunu deyəndə, doğrusu, heyrətlənmişdim də. Düşük şoular, səviyyəsiz verilişlər, mənasız proqramlar, məzmunsuz müğənniciklərlə efir dolduranlar hardan bilsin Yaqub Zurufçu kimdir? Hardan bilsin adam kimi adam, insan kimi insan olmaq nə deməkdir?

Yaqub Zurufçu ölənə kimi səsi üstündə olan sənətkar oldu: büllur kimi, həcmli, diapazonlu səsi bir qətrə də azalmadı. 89-da necə ifa edirdisə “Ayrılığ”ı, eləcə ifa etmək gücündəydi.

Bu səsi bu yaşa qədər insan qoruya bilməz ki!

Yaş ötdükcə səsə yaltaqlıq qonur, riya yapışır, nəfs tutur, titul hopur, karyera yüklənir axı!

Yaş ötdükcə xaric oxuma, danışma, “siyasi səhvetmə” qorxusu dolur içinə və səsin içinə düşür axı!

Həm də can gedir, yaş ötür, güc azalır. Yaş ötdükcə səs də ötüb keçir.

Amma Zurufçukimilərdə yaş ötdükcə səs ötür, amma keçmir; yaş ötdükcə səsə qorxu düşmür, nəfs tutmur, titul hopmur...

Çünki ürəkdən gəlir, ruhdan gəlir, candan gəlir, dildən gəlir... Ürək körpə ürəyidirsə, can uşaq canıdırsa, dil yeni dil açan, dilini basan uşaq dilidirsə, ruh dumduru, saf, ilahidirsə, o səs hara batar?!.

...Müsahibə alacaqdım guya, telefonunu da dərhal götürdüm. Ürəyim keçir o cür adamlarla həmsöhbət olmaqdan ötrü. Vaxt su kimi axır, özümüzdən, zamanımızdan xəbərimiz olurmu ki!

İndi baxıram, telefonun yaddaşında bir dəfə də zəng etmədiyim nömrəsi durur.

Özü də mənim nömrəmi götürmüşdü, sözümüz tutmuşdu deyəsən. O da heç zaman zəng etmədi...

Özünü haçan yada salırdı ki! Özünü yada salsa, “xalq artisti” alardı da...

***

Bu gün Yaqub Zurufçunun xəstəxanada ağır vəziyyətdə olması xəbəri altında İrandan Ermənistana gedən yük maşını – sistern sürücülərinin erməni kanalına tər-təmiz azərbaycancada, həm də heç bir dialekt, ləhcə, şivə olmadan – danışdıqlarına baxdım. Ana dilimizdə, doğma dilimizdə qardaşlarım deyirdi ki, biz Ermənistana yanacaq aparırıq, Ermənistan gömrüyünə də pul ödəmişik, Azərbaycanın bizdən pul alması doğru deyil.

İran TIR-larını, sisternlərini Ermənistana sürən azərbaycanlılar danışırdı bunu, ermənilərdən biri bu sözləri erməni kanalı üçün tərcümə edirdi...

Baxdım, baxdım və Yaqub Zurufçu gəldi ağlıma... Yəqin şüuraltı informasiya ilə xəstəxanada olduğu yaddaşımda idi, ona görə Zurufçunu düşündüm.

Görəsən, Zurufçunun ürəyi buna görə dayanmadı ki?

***

Yaqub Zurufçu yaddaşıma “Ayrılıq”la yazılmışdı, “Yenə dəniz...”lə möhkəmlənmişdi.

Təbrizdə doğulan bu böyük sənətkar, 65 yaşlı uşaq - xatirimə Təbrizin səsi kimi hopmuşdu – Araz Elsəs kimi...

Bu gün Təbrizin daha bir səsi öldü.

Bu gün daha bir “Ayrılıq” başladı...

Bu gün Yaqub Zurufçu dalğalara qovuşdu:

Yenə dəniz, tanış dəniz

Dalğalarla danış, dəniz

Get sahildən qarış-qarış

Dalğalarla qayna-qarış...

Anar

axar.az

Diaspora