Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva Moderator.az-ın suallarını cavablandırıb.
- Rəhimə xanım, sentyabr ayının 3-də görkəmli aktyorumuz Yaşar Nurinin 70 yaşı tamam olur. Sənətkarın yubileyinə necə hazırlaşırsınız?
- Bəli, Yaşarın 70 illik yubileyi yaxınlaşır. 2006-2012-ci illər arası Yaşar müxtəlif xəstəxanalarda müalicə aldı. 2020-ci ildən ürəyimdə götür-qoy edirəm, planlaşdırıram, yazıram-pozuram, ssenari qururam. Deyirəm gözləyim, görüm Mədəniyyət Nazirliyi, mədəniyyət qurumları, bu işlə məşğul olan kimsə mənə dəstək olacaq? Gör neçə vaxtdır gözləyirəm, bu gün artıq ayın 1-dir. Hələ ki, onlardan heç bir xəbər yoxdur. Başa düşürəm, pandemiyadır, çox yerlər qapalıdır, mən qanuna riayyət edən insanam. Sadəcə uman yerdən küsərlər. Görüm ayın 3-nə qədər Mədəniyyət Nazirliyindən, Milli Məclisin Mədəniyyət Komitəsindən, teatrdan, kinodan bir zəng edib, maraqlanacaqlar? Adi zənglə təbrik etməkləri mənə bəsdir. Yubiley yəqin ki, dövlət səviyyəsində ölkə başçısının sərəncamı ilə nə vaxtsa keçiriləcək. Amma mənəvi dayaq tamam başqa bir şeydir. 2012-ci ildən bu yana mədəniyyət qurumlarından hələ ki, bir dəstək görməmişəm. Nə ad günündə, nə anım günündə, nə teatr günündə hələ ki, indiyə qədər bir zəng gəlməyib mənə. Mən vaxtilə bunların hamısına alışmışdım. İndi nə oldu? İş işdir də. Guya Mədəniyyət Nazirliyində hər şeyi bir insan, nazir həll edir? Mən bilirəm ki, orada müxtəlif sahələr var ki, hər bir sahəni səlahiyyətli şəxs idarə edir. Kinonu biri, teatrı biri. Mən dəfələrlə zəng edib onlarla danışmışam da. “Bu gün, sabah, filankəs yerində yoxdur, filankəs sabah gələcək” deyib günü-günü satıblar. Hamı bir-birindən gizlənir. Bu nə deməkdir? Onda onlar nə üçün işləyirlər? Nə ilə məşğuldurlar? Bunu tək mən tələb etmirəm. Bu gün bir çox böyük sənətkarların ailələri var ki, bu dəstəyi onlardan gözləyirlər. Mən sadəcə mat-məhtəl qalmışam. Rusiyada və digər ölkələrdə bilirsiniz sənətkarların ailələrinə necə dəstək göstərirlər?
- Rəhimə xanım, sizcə, bugünkü gənclər özlərindən əvvəlki sənətçilərin yaradıcılığından bəhrələnirlər? Ümumiyyətlə, gənclərin oyun tərzindən razısınız?
- Bu əslində geniş məzmunlu sualdır, saatlarla bu haqda danışmaq olar. O illərdə çəkilən filmlərə bu gün də baxıb böyük ruh, əhval-ruhiyyə alıram. Amma bu gün nə seriallara baxıram, nə də ki, müxtəlif kanallarda komediya adı ilə çəkilən verilişlərə. Baxa bilmirəm! Köhnə aktyor-aktrisaları efirlərdə görəndə sevinirəm, öz-özümə düşünürəm ki, özlərini necə də sanballı saxlayıblar. Amma cavanları görəndə... Elə bil kamera üçün oynayırlar, rolu yaşamırlar. Elə bir tək onu düşünürlər ki, görəsən mənim geyimim, saçım necə düşəcək?! Sənətçi gərək rolu yaşayıb, daxilindən keçirib oynasın. Bir-neçə istedadlı gənc var ki, sözün düzü onların adlarını bilmirəm, amma hiss edirəm ki, çalışqan uşaqlardır. Sizin fikriniz Yaşar Nuriyə və s. aktyorlara getməsin. Bu insan qrim də etməsə bir sima ilə obrazları elə oynayırdı ki, yaşadırdı. Mən onu qrimlənmiş vəziyyətdə görməmişəm. Təkcə ömrünün son illərində Kukla Teatrında Məşədi İbad rolunu oynayanda təsadüfən otağına daxil oldum və gördüm ki, necə əziyyətlə onu qrimləyirlər. Bu obraza qrim lazım idi. Onun televiziya tamaşalarına baxın, orada qrim görürsünüz? Amma indikilər qrim də etsələr, nə etsələr də çox bayağıdırlar. Atdanıb düşməklə, bir-birinin arxasınca qaçmaqla, qapaz vurmaqla, ağız əyməklə aktyorluq olmur. Bu aktyorluq deyil. Aktyorluq tamamilə başqa bir sənətdir. Mən heç kimi də qınamıram, onlar pul arxasınca qaçırlar, çalışırlar ki, sponsorları əllərində saxlasınlar. Bu hərənin öz şəxsi işidir. Mən sənət nöqteyi nəzərindən danışıram. Bu gün nə Yaşarın, nə Səməndərin, nə Fuad Poladovun, nə də Hamlet Xanızadənin davamçısını görmürəm. Necə ki, mahnının ilk ifaçısı unudulmur, bax aktyorluq sənəti də elədir. Cürətin çatırsa özün yarat, özün yaşat obrazı, yamsılama. Bu gün gənclərin bir neçəsində hiss etmişəm ki, birinin baxışında, birinin jestlərində, əl hərəkətlərində Yaşar var.
- Yaşar müəllimi ən çox yada salan hansı sənətkar dostlarıdır? Hansının təsəllisi sizə güc verir?
- Bu dəqiqə hər bir ailənin, sənətçinin öz problemi var. Problemsiz ailə yoxdur. O ki qaldı təsəlliyə, bu hər kəsdə bir cürdür. Mənim təsəllim ailəmdir. Əgər onların əhvalları yaxşıdırsa, can sağlıqları yerindədirsə, mən də yaxşı oluram. Valideynə bundan artıq nə lazımdır?
- Nəvənizin adını “Səni axtarıram” tamaşasının baş qəhrəmanından ilhamlanaraq Gülnar qoymusunuz. Gülnarda incəsənətə həvəs hiss edirsiniz?
- Nəvəm Gülnarın istedadı rəngarəng, çoxşaxəlidir. O şaxələrin hansı istiqamətdə inkişaf etməsini isə gələcək göstərəcək. Rəsm çəkməyi, kağızlardan gözəl əşyalar hazırlamağı bacarır. Bundan əlavə gözəl musiqi duyumu, ritmi var.
- Babasının böyük aktyor olduğunu dərk edir?
- O babasının dahi sənətkar olduğunu hələ 2 yaşı olanda dərk etmişdi. Yadımdadır, onu Yaşarın məzarı üstünə gətirdim, abidəyə yaxınlaşanda gördüm kövrələrək, “baba” dedi. 3 yaşında isə onu Kukla Teatrına aparmışdım. Bütün teatrların qapıları maşallah üzümüzə açıqdır, çox böyük hörmətlə bizi qarşılayırlar. Teatrdan çıxanda onlardan xahiş etdim ki, istəyirəm Yaşarın sonuncu oynadığı “O olmasın, bu olsun” tamaşasındakı Məşədi İbadın geyimləri, Yaşarın geyinmə otağı ilə nəvəm Gülnarı tanış edim. Onlar məni 2-ci mərtəbəyə qaldırdılar, Yaşarın otağına, geyimlərinə baxdıq. Gülnar kuklalarla da oynadı. Bu günə qədər də deyir ki, mənim babam dahidir. Mən onunla şəhərə çox çıxıram. Bəzən görürsən ki, yolda məni tanıyırlar, başlayırlar Yaşardan danışmağa. Nəvəm deyir ki, yenə də səni tanıdılar? (gülür). Bir dəfə də maska taxmışdım, məni tanımamışdılar. Maşından düşdük, mənə sual verdi ki, niyə belə oldu? (gülür). Yaşadığı binanın həyətinə düşəndə də böyük qürurla gəzir ki, mən Yaşar Nurinin nəvəsiyəm.
- Yaşar müəllimin ən böyük arzusu nə ilə bağlı idi?
- Onun ən böyük arzusu elə sənət, səhnə, ekran, tamaşaçı idi. O qədər sənətə başı qarışmışdı ki, bəzən xəstəliyini də unudurdu. Arzuları heç vaxt tükənmirdi. Xəstəlik ərəfəsində elə hey arzulayırdı ki, sağalıb səhnəyə çıxsın. Xəstə olanda deyirdi ki, istəyirəm səhnədə mono tamaşa oynayım. Təəssüf ki, ona qismət olmadı.