“Sarı gəlin”i Azərbaycan dilində oxuyan əfsanəvi italyan - VİDEO - FOTOLAR

“Sarı gəlin”i Azərbaycan dilində oxuyan əfsanəvi italyan -  VİDEO - FOTOLAR backend

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır.

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın yaddaşında silinməz izlər qoyub.

Modern.az saytı məşhurların Bakı səfəri haqqında silsilə məqalələri davam etdirir.


“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?..


Budəfəki yazımızda 2021-ci ilin iyulunda 78 yaşını tamamlayan əfsanəvi italyan müğənnisi Toto Kutunyonun Bakıya qısamüddətli səfərindən bəhs edirik.
 


Əsl adı Salvatore olan Toto Kutunyo 1943-cü il iyulun 7-də İtaliyanın Fosdinovo şəhərində yaşayan Domeniko və Olqa Kutunyo ailəsində anadan olub. Totonun atası hərbi dənizçi idi, anası isə ailədə böyüyən dörd uşağın qayğısına qalırdı.

Hələ kiçik yaşda ikən Totonun bacılarından biri yemək yeyərkən faciəli şəkildə boğulub ölür.  Bu hadisə ona çox pis təsir edir, uzun müddət stress yaşayır və həyat onu sərtləşdirir…

İllər ötür və Toto, qardaşı Roberto, bacısı Rozana böyüyüb yetkinləşirlər.

Toto lap uşaqlıqdan musiqiyə böyük həvəs göstərirdi. Atasının sayəsində truba, zərb alətləri, akkordeon və gitarada ifa etməyi öyrənmişdi.

O, valideynlərini sakitləşdirmək üçün orta məktəbdən sonra iqtisad liseyini bitirərək, mühasib ixtisasına yiyələnir. Lakin bu sahəyə marağı olmadığından caz musiqisi ilə maraqlanır, saksafon və fortopiano çalmağı öyrənirdi.

Nəhayət 19 yaşında italyan cazmen Guido Manuzardinin rəhbərlik etdiyi G-Unit qrupuna  qoşularaq, onunla birlikdə ilk qastrol səfərinə çıxır.

Səfərdən İtaliyaya qayıdan Toto öz kollektivini – “Toto e Tati” qrupunu yaradır, lakin uğur qazana bilmir.

1975-ci ildə Toto Kutunyo "Albatros" qrupu ilə çıxış etməyə başlayır. Tezliklə onun yazdığı mahnılar hitə çevrilir.


1976-cı ildə Toto "Albatros"qrupunun tərkibində "Volo AZ 504" mahnısı ilə San-Remo festivalında iştirak edir və üçüncü yeri tutur. Bir il sonra qrup dağılır.

Bunun ardınca Toto Kutunyo bir neçə il ərzində fəaliyyətsiz qalır və yalnız 1980 -ci ildə "Solo noi" mahnısı ilə San-Remo festivalının qalibi olur.

Toto Kutunyo 1983-cü ildə isə San-Remo festivalında "L'italiano" mahnısı ilə iştirak edir. Bu mahnı ona böyük şöhrət qazandırır. Yeri gəlmişkən, "L'italiano" mahnısı bu günə qədər sevilir, dinlənilir.

Totonun populyarlığı tezliklə Latın Amerikasına, Kanada, Yaponiya və ABŞ-a da yayıldı.
Sovet İttifaqında isə o, 1983 və 1984 -cü illərdə San Remoda ifa etdiyi “L'italiano” və “Serenata” mahnıları ilə məşhurlaşdı.

1985-ci ildə, yenidənqurmanın ilk dalğası başlayan ərəfədə Toto Kutunyo ilk dəfə SSRİ-yə konsert verməyə gəldi. Leninqrad və Moskva şəhərlərində verdiyi konsertlərə yarım milyonadək tamaşaçı qatıldı. Müğənni bu səfərlə bağlı xatirələrində yazır:


“1985-ci ildə Moskvada verdiyim konsertlərdən sonra SSRİ rəhbərlərindən olan Mixail Qorbaçov, futbolçu Lev Yaşin və digər məşhur simalar məni ziyarətə gəldilər. Yaşin mənə futbol topu hədiyyə etdi. Alla Puqaçova isə evinə qonaq çağırdı...”.

1986-cı ildə Toto San-Remoda "Azzurra malinconia" mahnısı ilə dördüncü, 1987-ci ildə isə "Figli" mahnısı ilə ikinci yerin sahibi oldu.

1990-cı ildə Toto Kutunyo "Insieme: 1992" mahnısı ilə “Avroviziya” Mahnı Müsabiqəsində iştirak edib və bu müsabiqənin qalibi olub. Nəticədə İtaliya “Avroviziya”nın 1991-ci ildə keçirilməsi üçün evsahibliyi hüququ qazanıb. Roma şəhərində keçirilən "Avroviziya-1991" müsabiqəsinin iki aparıcısından biri  Toto Kutunyo olub.

1998-ci ildən 2000-ci ilə qədər Toto Kutunyo İtaliya televiziyasında "Sizin faktlar" ("I fatti vostri") proqramının aparıcı olub və həm də musiqi fəaliyyətini davam etdirərək, müxtəlif ölkələrdə qastrol səfəri edib.

Həkimlər 2007 -ci ildə Totoda xərçəng aşkar etdikdən sonra, müğənni-bəstəkar çıxışlarına ara verərək, xəstəliklə mübarizəni gücləndirib, davamlı şəkildə kimyəvi terapiya müalicəsi alıb.

Yalnız 2009 -cu ildə T.Kutunyo "Retro FM əfsanələri" konsertinin iştirakçısı olaraq yenidən Moskvaya səfər etdi.

Sorakı on il ərzində sənətçi nəinki Rusiyaya qastrol səfərinə çıxdı, keçmiş SSRİ-nin Minsk, Astana, Kiyev, Odessa, Vitebsk, Bakı kimi şəhərlərində konsert proqramları ilə çıxış etdi.

Toto Kutunyo məşhurlaşandan sonra daim qadınların diqqət mərkəzində olub. Sənətçi qadınların ona ilham verdiyini dəfələrlə etiraf edib.


70-ci illərin əvvəllərində Toto İtaliyadakı kurortların birində cazibədar bir qızla - Karla ilə tanış olur. Karla varlı bir ailənin qızı idi və valideynləri onun gələcəyi üçün planlar qurmuşdular. Amma o, Totonu sevməyə başladı. Valideynlər qızlarının bir müğnniyə ərə getməsini istəməsələr də, sonda indkar Karla ilə razılaşmalı oldular. 1971 -ci ildə onların toyu oldu.

Toto və Karla cütlüyü artıq 50 ildir bir yerdədirlər.

Toto Kutunyo çoxuşaqlı bir ailə arzusunda idi. O, xanımının əkiz uşaqlara hamilə qaldığını öyrənəndə çox xoşbəxt olmuşdu. Ancaq Karla Totonu ata edə bilmədi…

Həkimlər bətnindəki əkiz usağı tələf olan Karlaya bir daha ana ola bilməyəcəyi diqanozu qoyanda müğənni çox məyus olmuşdu.

Buna baxmayaraq, Toto Kutunyo həyat yoldaşını bütün qəlbi ilə sevirdi və ondan ayrılmadı.

Amma eyni zamanda, Toto Kutunyo həm də övlad istəyirdi. 80-ci illərin sonlarında qastrola çıxan müğənni uçuşların birində stüardessa Kristina Lansla tanış olur və onların münasibəti daha da ilıqlaşır. Bu romantika iki il davam edir. O zaman artıq 46 yaşında olan Toto Kutunyo Kristinadan ona bir övlad dünyaya gətirməsini istəyir.

Beləcə, 1989 -cu ildə Toto Kutunyonun oğlu Niko dünyaya gəlir. Bu hadisə Kutunyo üçün həm sonsuz xoşbəxtliyə, həm də əzaba çevrildi. Müğənni çox sevinirdi: nəhayət varisi doğulmuşdu. Amma həm də əzab çəkirdi: bu xəbəri arvadı Karlaya da bildirilməli idi.

Xəbər Karlaya veriləndə bu, əvvəlcə ona ağır zərbə oldu. Uzun müddət narahatlıq keçirən Karla nəhayət baş verənləri qəbul edib müdriklik göstərdi və Totonu çoxdan istədiyi atalıq xoşbəxtliyindən məhrum etmədi.

Toto Kutunyoya xərçəng diaqnozu qoyulduqda Karla daim onun yanında oldu, dəstəklədi, xəstəliyə qalib gəlməsinə çalışdı.

Sonralar Niko atasının evini ziyarət edə bildi. Karla isə onu öz oğlu kimi qəbul etdi.


Nikonun anasına gəldikdə, Toto Kutunyo oğlunun doğulmasından qısa müddət sonra Kristina Lansla əlaqələrdən imtina etməyi seçdi.

Yuxarıda qeyd etdiyimiz kimi, əfsanəvi italyan müğğəni-bəstəkarın yolu Bakıdan da düşüb, həm də iki dəfə: 2008 və 2013-cü illərdə…


2008-ci il noyabrın 8-də Toto Kutunyo Bakıya gəlib. Heydər Əliyev adına sarayda, "Qatar" adlı konsert proqramıyla çıxış edib.

Onun Bakıya ikinci səfəri daha çox yadda qalıb…

18 dekabr 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Baku Crystal Hall"da Toto Kutunyo başda olmaqla, San-Remo festivalının digər iştirakçıları Albano, Rikardo Folyi, Umberto Tossi, Toni Espozito, Pupo, Matia Bazar, Fiordaliso, İvana Spany konsert proqramı ilə çıxış ediblər.

2013-cü ilin dekabrında təşkil olunan həmin konsert - "San-Remo" ulduzlarının Bakı çıxışı böyük uğurla keçmişdi.

Bu konsert "Sovet nəsli”ndən olan insanlar üçün əsl bayram idi. Axı San-Remo festivalının ulduzları Azərbaycanda da məşhur idi.

"San-Remonun ulduzları" konsert proqramınının Bakıdakı açılışını Umberto Tossi etmiş, özünün hit mahnılarını səsləndirmişdi,

Konserti yekunlaşdıran isə əfsanəvi Toto Kutunyo olmuşdu. Toto Kutunyo azərbaycanlı tamaşaçıların qarşısına ağ kostyumda çıxmışdı. O, Bakı və bakılılar haqqında uzun-uzadı danışıb, Azərbaycan paytaxtı haqda təəssüratlarını dilə gətirmişdi:

"Sizin inanılmaz şəhəriniz və çox səmimi insanlarınız var. Sizin xanımlarınız da çox gözəldirlər! Onlar mənə italyan xanımlarını xatırladırlar".


Toto Kutunyo Bakı konsertinin proqramına həm öz repertuarından, həm də Co Dassen və Adriano Çelentano üçün bəstələdiyi mahnılarını salmışdı. O, məxsusi olaraq "Höcətin ram edilməsi" filmi üçün yazdığı "Innamorata Incavolata A Vita" mahnısını da ifa etmişdi. Bu mahnı italiyalı aktrisa Ornella Mutiyə həsr edilib. Bakıdakı konsertə aparıcılıq edən Ornella Muti həmin mahnı ifa ediləndə "Crystal Hall"ın səhnəsində Toto Kutunyo ilə yanaşı dayanaraq, fotoqraflara məmnuniyyətlə poz vermişdi.


Bu konsertdə Totu Kutunyo azərbaycanlı tamaşaçılara əsl sürpriz etdi. Belə ki, o, Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i elə Azərbaycan dilində oxudu. Kutunyo etiraf etdi ki, bunu öyrənmək üçün onun 3 gün vaxtı gedib.

"Diliniz çox çətin və inanılmaz dərəcədə melodikdir. Mən nəhayət, bu gözəl mahnını güclə öyrəndim və indi onu sizin üçün ifa etmək istəyirəm",- deyəndə zal kükrəmiş və Toto Kutunyonun "Sarı gəlin"ini coşqu ilə qarşılamış, ayaqüstə alqışlamışdı.

Bakı konsertində Kutunyo bütün dünyada məşhur olan hitini - "L`italiano" mahnısını səsləndirməklə də azərbaycanlı tamaşaçıların qəlbini bir daha fəth etmişdi.

Yeri gəlmişkən, o zaman dünya şöhrətli müğənninin Azərbaycan dilində "Sarı gəlin” mahnısını ifa etməsi erməni mətbuatında qısqanclıqla qarşılanmış və bu mənfur xalqın nümayəndələrində qıcıq doğurmuşdu.

İtaliyaya qayıdandan sonra Toto Kutunyo öz təəssüratlarını yerli mətbuatla da bölüşmüş və Bakını, bakılıları çox tərifləmişdi. Azərbaycan paytaxtının gözəlliyindən, onun insanlarının qonaqpərvərliyindən, xeyirxahlığından, mətbəximizin dadından-tamından danışmışdı.

Toto Kutunyo İçərişəhər haqqında təəssüratlarını belə ifadə etmişdi: “Bakıya getdiyim üçün çox şadam. Bu şəhərdə keçmişlə müasirliyin uğurlu ahəngini xüsusilə bəyəndim. Bakıda tarix və müasirlik yanaşı yaşayır”.

Əfsanəvi müğənni Azərbaycan paytaxtını heç zaman unutmayacağını da qeyd etmişdi.

“Biz Bakıda da tanındığımız, sevildiyimiz üçün çox şadıq”,-deyə Toto Kutunyo Bakıya olan ehtiramını ifadə etmişdi.


Toto Kutunyo və xanımı Karla hazırda İtaliyadakı kiçik Portofino şəhərində yerləşən villada yaşayır. İtalyan müğənni yaşına görə, COVID-19-la bağlı bütün tövsiyələrə əməl edir.

2020 -ci ildə Totonun konsertləri koronavirus pandemiyası səbəbindən ləğv edilib.

Müğənni-bəstəkar yaradıcılığına davam edir, mahnı yazır, konsert verir, İtaliyada qastrol səfərlərinə də çıxır.

Diaspora