“Fransanın “Ecole Normale de Musique de Paris-Alfred Cortot” Akademiyasında təhsil almışam. Hal-hazırda Bakıdayam, pandemiya ilə əlaqədar olaraq son imtahanım neçənci dəfədir ki, köçürülür. Hələ ki, onu gözləyirəm diplomumu əldə edim. Parisi oxumaq üçün seçmişdim, Bakıda yaşayıram. Bu illər ərzində Parisin bir çox konsert salonlarında Azərbaycan musiqisini təbliğ etmişəm. Qara Qarayevin yubileyinə hərs olunmuş konsert proqramında 1 saatlıq onun musiqilərini ifa etmişəm. Bu da Paris tamaşaçıları tərəfindən böyük maraqla qarşılanmışdı”.
Bunu Moderator.az-a açıqlamasında ilk Xalq şairi Səməd Vurğunun pianoçu nəticəsi Vurğun Vəkilov deyib. O daha sonra əlavə edib.
“Beynəlxalq müsabiqələrin musiqiçi üçün müsbət təsiri var. Mən Bülbül adına orta ixtisas məktəbində oxuyanda Oqtay Abbasquliyevdən özəl dərslər alırdım. Sonra elə oldu ki, Bakı Musiqi Akademiyasında onun sinfinə daxil qəbul olundum. O ölümündən bir ay öncə məni kabinetinə çağırdı və Fransada təşkil olunacaq beynəlxalq müsabiqəyə yollayacağını dedi. Vaxta az qalmışdı, qorxurdum ki, proqramı çatdıra bilməyəcəyəm. Yola çıxmazdan öncə eşitdim ki, Oqtay müəllim dünyasını dəyişib. Fransadakı müsabiqəyə qatıldım və ikinci yerə layiq görüldüm. Üstəlik də Parisdə bir il pulsuz təhsil almaq hüququ qazandım. Müəllimim sanki özü mənim yolumu açmışdı. Cənab prezidentimizə və xanımına minnətdaram ki, düz 5-ci sinifdən prezident təqaüdü alıram. Cənab prezident İlham Əliyevin sərəncamı ilə adım “Azərbaycanın gənc istedadlarının qızıl kitabı”na yazılıb” - deyə pianoçu cavab verib.
Vurğun Vəkilov daha sonra uşağlıqdan sənət ovqatında böyüdüyünü bildirib.
“Təbii ki, istedad, bacarıq gen vasitəsil insana keçir. Səməd Vurğunun 3 övladı olub-Aybəniz, Vaqif və Yusif Səmədoğlular. Mən Aybəniz xanımın qızı Aygünün oğluyam. Doğulanda atamın soyadı ilə getməli idim sənədlərdə, amma atam icazə verdi ki, mən Vəkilov soyadını götürüb, bu soyadı daşıyım, yaşayım. Nənəmin atası haqda kifayət qədər xatirələri var. Bəzi xatirələr yadımdan çıxmasın deyə onları kitabçama qeyd etmişəm. Səməd Vurğun ölüm ayağında olanda əlinə aldığı son kitab “Aygün” poeması olub. Nənəm də bu poemanın qəhrəmanının şərəfinə anamı Aygün adlandırıb. Ulu nənəm, Səməd Vurğunun həyat yoldaşı Xavər xanım 2006-cı ildə dünyasını dəyişib. Hər dəfə onunla görüşəndə Səməd Vurğunu yada salardı. Axundov kitabxanasının qarşısında digər şairlərlə birgə Səməd Vurğunun da heykəli ucaldılıb. Xavər xanım hər zaman oradan keçəndə Səməd Vurğuna əl edərdi. Səməd Vurğunun ev muzeyinin direktoru əvvəlcə Xavər xanım, daha sonra nənəm Aybəniz xanım, sonuncu dəfə isə anam Aygün xanım olub. Uşağlığım demək olar ki, həmin muzeydə keçib. Təbii ki, bu muzey mənim üçün çox doğmadır” - deyə böyük şairin nəticəsi bildirib.
Vurğun Vəkilov daha bir maraqlı faktı da bizimlə bölüşüb.
“Özümü dərk edəndən bəri Səməd Vurğundan ilhamlanıb şeir yazdığımı xatırlayıram. Bəlkə də 5-6 yaşım olardı. İlk şeirlərimi nənəm Aybəniz xanıma oxudum. Nənəm dinləyib dedi ki, Vurğun sən poeziyada axsayırsan, yaxşısı budur musiqinin ardınca get. Musiqiyə gəlməyim heç də təsadüfi deyil. Çünki bizim ailədə hər kəs yola musiqi ilə çıxıb. Vaqif bəy də, Yusif bəy də, Aybəniz xanım da Bülbül adına orta ixtisas məktəbini bitiriblər. Vaqif Səmədoğlu musiqi ilə daha çox məşğul olub, konservatoriyaya qəbul olunub. Daha sonra pedaqoji fəaliyyətlə məşğul olub, cazla maraqlanmağa başlayıb. O ən sonda poeziya fəaliyyətinə başlayıb. Uşaq idim, filmlərə baxırdım, musiqi səslənəndə qaçıb bir barmağımla pianoda ifa edirdim. Anamın dəstəyi ilə musiqini seçdim. Hətta sizə belə bir hadisə danışım. Anam musiqi məktəbinin son sinfində oxuyanda nənəmlə birgə dərsdən qayıdırmış. Anasının əlini buraxıb yolu keçmək istəyəndə onu maşın vurur. Əli bərk zədə aldığından həkimlər deyir ki, uzun müddət ifa edə bilməz. Ona görə də anam yarım qalan arzularını mənim üzərimdə gerçəkləşdirdi” - deyə o bildirib.