"Məni niyə onlara söydürürsünüz?" - Xalq artisti

"Məni niyə onlara söydürürsünüz?" -  Xalq artisti backend

Bu gün bir neçə saytda və sosial şəbəkələrdə 2 avqust Milli Kino Günü münasibəti ilə cənab prezidentin Xalq artisti Ənvər Həsənova ev hədiyyə etməsi ilə bağlı xəbərlər yayılıb.

 

Moderator.az Xalq artisti Ənvər Həsənovla əlaqə saxlayaraq, onu təbrik etmək istəyəndə sənətkar saytımıza bu xəbərin doğru olmadığını söyləyib.

 

“Bu gün telefonum susmayıb, hamı zəng edib məni təbrik edib. Yeni-yeni mənə bu xəbər çatmadı, internetdə girib xəbərləri oxuyanda dəli oldum. İnanın Allaha, səhərdən çox əsəb və stress keçirmişəm, evdə güc-bəla ilə məni sakitləşdiriblər. Cənab prezident evi mənə 2 il yarım bundan əvvəl Kino Günündə hədiyyə edib və mən də ona o vaxt təşəkkürümü bildirmişəm. Çünki uzun illərdir qonşumla kommunal evdə, 4 nəfər adamla yaşayırdım. Bu məsələni niyə bu gün gündəmə gətirirlər? Mənə sadəcə olaraq hər dəfə jurnalistlər zəng edir, hal-əhval soruşurlar. Mən də onlara hər zaman bildirirəm ki, sağ olsun cənab prezident, mənə ev verib, orada otururam. Bu gün də həmçinin bu sözləri bildirmişəm, deməmişəm ki, prezident mənə bu gün ev verib. Məni camaatın ağzına salıblar, sosial şəbəkələrdə xəbəri tirajlayıblar. Hamı da ağzına gələni yazır, qızım bu gün o rəyləri mənə oxuyub, az qalıb ki, ürəyim partlasın. Yazırlar ki, bu yaşda ona ikinci ev lazım idi? Şəhid ailəsi, qazilərimiz qala-qala niyə buna ev verirlər? Mən axı tamaşaçılarımdan heç vaxt belə münasibət görməmişəm, məni niyə onlara söydürürsünüz?

Bildilər, bilmədilər götürüb yalan xəbər yazırlar! Ayıb olsun sizlərə! Reytinqə görə hər yola əl atırsınız! Mənim nömrəmi bilmirdiniz ki, zəng edib xəbəri dəqiqləşdirəsiz?! 70 il canımı qoymuşam kino sənətinə, 15 yaşından bu sahədəyəm. Mənə necə rahat yaraşdırdınız o sözləri? Hər kino günündə arzum Qarabağımızın işğaldan azad olunması idi, çox şükür ki, bu arzuma çatdım! O səhifələrə, saytlaradır sözüm! Milli Kino Günündə məni təbrik etmək əvəzinə, insanlara söydürürsünüz! Elə zəng edib, təbrik edərdiniz də. Bax elə bu hallara görə uzun müddətdir heç bir sayta, televiziyaya müsahibə vermirəm. Sənətkarları belə küsdürürsünüz! Ar olsun sizlərə!!!” - deyə sənətkar bildirib.

 

Qeyd edək ki, xəbəri Manşet.az saytı yayıb.

Diaspora