“Akademkitab“ bərpa olunur

“Akademkitab“ bərpa olunur backend

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasın gündəliyinə çıxarılan məsələlərdən biri də AMEA-nın “Akademkitab” mağazasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı olub.

Bildirilib ki, son zamanlar AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də elmi biliklərin populyarlaşdırılması və kommersiyalaşdırılmasıdır. Bu istiqamətdə fəaliyyətin müasir dünya standartlarına müvafiq səviyyədə təşkili üçün AMEA-da bir sıra tədbirlər həyata keçirilib ki, onlardan biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında inşa edilmiş Mərkəzi Elmi Kitabxananın (MEK) yeni binasının istifadəyə verilməsi və burada fəaliyyətin müasir standartlar səviyyəsində təşkilidir.

Həyata keçirilən bu islahatların tərkib hissəsi olaraq hazırda Bakı şəhəri İstiqlaliyyət küçəsi 28 ünvanında yarımzirzəmidə yerləşən, kommersiya baxımından qeyri-qənaətbəxş şəraitdə fəaliyyət göstərən AMEA-nın “Akademkitab” mağazasının işinin də müasir tələblərə uyğunlaşdırılmasına ciddi ehtiyac vardır. Bu məqsədlə Rəyasət heyətinin iclasında qərar qəbul edilib. Mağaza “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzinin tərkibindən çıxarılaraq müvafiq ştat vahidləri ilə birlikdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının strukturuna daxil edilib.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanovaya Mağazanın kitabxananın binasında yerləşdirilməsi, onun fəaliyyətinin müasir tələblər səviyyəsində təşkilindən irəli gələn məsələləri həll etmək üçün müvafiq tapşırıqlar verilib.
Diaspora