Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Yeni Müsavat" Media Qrupunun qurucu-baş redaktoru, əməkdar jurnalist Rauf Arifoğlu ilə Mədəniyyət Komitəsində görüşüb.
Qazilər.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Rauf Arifoğlunu 55 illik yubileyi münasibəti ilə təbrik edib, uğurlar arzulayıb.
Komitə sədri yubilyara Qarabağ motivli xatirə hədiyyəsi və Komitə adından Təbrik məktubu təqdim edib. Qənirə Paşayevanın R.Arifoğluna yazdığı təbrik mətnində deyilir:
"Hörmətli Rauf müəllim,
Sizi 55 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə yeni yaradıcılıq uğurları diləyirəm!
Siz respublikamız dövlət müstəqilliyi qazanmamışdan daha öncə müstəqil milli mətbuat quruculuğunda iştirak etmiş, ömrünüzün gənclik illərini milli mətbuatın inkişafına həsr etmisiz. Siz bu gün yalnız Azərbaycanda deyil, bütövlükdə Güney Qafqazda bir çox parametrlər üzrə ən böyük müstəqil media qrupunun qurucu-başqanısız. Sizin media qrupuna daxil olan saytlar, internet TV, qəzet və habelə media qrupunuzun sosial media hesabları ciddi, operativ informasiya qaynağı, polemika meydanı, milli fikir müstəvisidir.
Sizin fəaliyyətinizi ən yığcam şəkildə ifadə etsək, peşəkarlıq, öz işinə fədakar yanaşma və milli maraqların, tarixi həqiqətlərin ən uyğun harmoniyasını şəkilləndirməyiniz vurğulanmalıdır.
Sizin fəaliyyətinizdə türk dünyasının özünəməxsus yerə sahib olduğunu da önəmlə qeyd etməliyik.
Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!
Yubileyiniz mübarək olsun!”
R.Arifoğlu səmimi görüş və təbrik üçün Q.Paşayevaya təşəkkür edib.
Görüşdə "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.