Azərbaycanın xalq artisti Sofiya Hüseynova bu gün vəfat edib. Aktrisa bu gün günorta saatlarında gözlərini əbədi yumub.
Azərbaycanın xalq artisti Sofiya Hüseynova bu gün vəfat edib.Trend-in məlumatına görə, aktrisa bu gün günorta saatlarında gözlərini əbədi yumub.
Xalq artisti uzun müddət ürək xəstəliyindən əziyyət çəkib.
S.Hüseynova 1926-cı ildə Bakıda anadan olub. Atası Həsən hərbçi idi və göndərişlə Naxçıvana işləməyə gəlib. Anası Xədicə Qazıyeva Naxçıvanın ilk aktrisası olub. S.Hüseynova orta məktəbi Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala DDT-də işlədikdən sonra yenə Naxçıvana qayıdıb. Aktrisa 1 iyun 1974-cü ildə Azərbaycanın əməkdar artisti, 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.
Gülnar və Xuraman, Fitnə ("Vaqif" və "Fərhad və Şirin" Səməd Vurğun), Sara və Gülnisə, Susanna, Nadya ("Solğun çiçəklər", "Aydın" və "Oqtay Eloğlu", Cəfər Cabbarlı), Tərgül ("Məhsəti", Kəmalə Ağayeva), Humay ("Komsomol poeması", İsgəndər Coşqun), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov), Nərminə ("Göz həkimi", İslam Səfərli), Zalxa ("Toy", Sabit Rəhman), Günəş ("Günəş", Hüseyn Razi), Tanya ("Alınmaz qala", Həsən Elsevər), Tovuz xanım ("Bir cüt bədmüşk ağacı", Əkrəm Əylisli), Gülnaz və Sənəm, Gülçöhrə, Minnət xanım ("Məşədi İbad", "Arşın mal alan" və "Ər və arvad", Üzeyir bəy Hacıbəyov), Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), Şölə xanım ("Özümüz bilərik", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Güllücə ("Dan ulduzu", Cahangir Məmmədov) rolları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.
Xatırladaq ki, S.Hüseynova Azərbaycanın xalq artisti Məlik Dadaşovun həyat yoldaşı olub.
Allah rəhmət eləsin!