“İyul-avqust aylarında aktyorlar məzuniyyətə gedirlər deyə teatrların açılmasının üstünə düşmürlər. Sentyabrda hər şeyi yenidən qapadacaqlarsa, heç buna ehtiyac da yoxdu. Yəni teatr lazım deyil, toy şadlıqdı, pul qazanmaqdı”.
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, aktyor İlqar Cahangir deyib. Aktyor sentyabrdan sonra teatrların açılması məsələsinin gündəmə gətiriləcəyini bildirib:
“İyul-avqust aylarında aktyorlar məzuniyyətə gedirlər deyə teatrların açılmasının üstünə düşmürlər. Sentyabrda hər şeyi yenidən qapadacaqlarsa, heç buna ehtiyac da yoxdu. Yəni teatr lazım deyil, toy şadlıqdı, pul qazanmaqdı. Sentyabrdan sonra teatrlar açılacaqmı, yoxsa müəyyən şərtlər olacaq, bizi yenidənmi evə salacaqlar. Onda teatrların açılması məsələsini gündəmə gətirəcəyik. Təbii ki, bu gün teatrlar sevilmir, insanlar 3-5 manat çörək pulunun arxasına düşüb. Balaca bir kütlə var ki, hansı teatra gedirsən elə həmin adamları görürsən. Bakı əhalisinin bir faizi heç 30-40 min etmir və o qədər insan il ərzində iki dəfə teatra getsə, Bakının teatrları anşlaq olar. Amma çox təəssüf ki, bu gün o tamaşaçımız yoxdur. Bununla yanaşı, tamaşaçını da qınamalı deyil, yəni bazara bir yaxşı şey gələndə istər-istəməz hamı gedir, maraqlanır. Ola bilsin teatrların özündə də problem var. Hələ biz o tamaşaçılarımızın istəyini verə, o boşluğu doldura bilmirik. Bu gün əgər 100-200 nəfər kassadan bilet alıb tamaşaya baxmırsa, demək tamaşa, teatr yoxdu.
Amma yenə də ümidimizi üzmürük, təzə nazir gəlib və görək onun yanaşması necə olacaq. Ümid edək ki, yaxşı olacaq. Rəhbərlik teatr və kinomuzda yaxşı mənada çevriliş edəcək, teatrımıza bir təkan olacaq. Yəni gəncləri teatrdan uzaqlaşdırmaq yox, onlara daha da şərait yaratmaq, yeni məhəllə, küçə teatrları açmaq lazımdı. Yayda küçə teatrlarının olması daha yaxşıdı. Tiflisdə, Moskvada park və küçələrdə küçə teatrları olur. İndi biz də istəyirik ki, dəniz qırağında bir tamaşa oynayaq. Amma biz yenə də kənar qalmaq istəmirik. Hiss edirsən ki, meydan yoxdu və buna görə bir az həvəsdən düşən də olur. Bütün bunlara baxmayaraq ümidimizi itirmirik. Sentyabrdan sonra vəziyyətə uyğun olaraq teatrların açılması məsələsini müzakirə edəcəyik. Əvvəlki kimi beş yüz yox, iki yüz nəfər gəlsin tamaşaya baxsın. Bu səbəb deyil, dünyanın hər yerində pandemiya da, tamaşa da var”.