İyulun 29-da Almaniyanın Ştarnberq şəhərində 9-cu "Fünf Seen" ("Beş göl") beynəlxalq müstəqil film festivalı işə başlayır. Festivalın müsabiqə proqramına Azərbaycandan rejissor Elçin Musaoğlunun "Nabat" bədii filmi də daxil edilib. Avqustun 9-dək davam edəcək festivalda Hindistan, Rusiya, Türkiyə, Kanada və digər ölkələrdən filmlər yer alıb. "Nabat" bədii filmi festivalda avqustun 6-da nümayiş olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.Qeyd edək ki, bu il "Nabat" filmi Almaniyada ilk dəfə 63-cü Mannheym-Heydelberq film festivalında təqdim olunub və üç mükafata layiq görülüb. Bundan əlavə, ekran əsəri bu il Hindistanda 13-cü Pune film festivalında, İranda 33-cü Fəcr kinofestivalında mükafatlar qazanıb.