İspanlar Qəbələdə konsert verdi

İspanlar Qəbələdə konsert verdi backend

Heydər Əliyev Fondunun möhtəşəm tədbiri olan Qəbələ VII Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir. APA TV-nin yerli bürosunun xəbərinə görə, festivalın proqramına uyğun olaraq Heydər Əliyev adına Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnədə İspaniyanın “Barselona və Flamenko” Ansamblının möhtəşəm konserti olub.

Tanınmış xoreoqraf Rafael Amarqonun rəhbərliyi ilə yaradılan ansambl tamaşaçılar qarşısında flamenko sənətini və yüksək keyfiyyətə malik teatr tamaşalarını təqdim edib. On ildən çoxdur ki, fəaliyyət göstərən ansambl konsert iştirakçılarına “Opera və Flamenko” və “Qran Qala Flamenko” tamaşalarını təqdim edib. Qəbələ səhnəsində qaraçıların çılğınlığı və ehtirası ilə musiqi, ruh, rəqs və qüvvənin mükəmməl simbiozu nümayiş olunub. Yüksək ifa tərzi ilə dünyada tanınan Barselona ansamblı tamaşaçıların rəğbətini qazanıb və alqışlanıb.

Qeyd edək ki, bu ansamblın tamaşaları Barselonada ən çox baxılan tamaşalardır. “Barselona və Flamenko”nun kollektivi hər il Avropa və Şimali Amerikada çıxışlar edir.


Diaspora