Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Fransanın Kolmar meriyası ilə birgə bu il sentyabrın 7-dən 12-dək bu şəhərdə bir sıra mədəni tədbirlər təşkil edəcək. Bu barədə Trend-ə TEAS-dan məlumat verilib.
Sentyabrın 7-də Azərbaycanın tanınmış caz ifaçısı Emil Əfrasiyab Kolmar Caz Festivalının 20-ci buraxılışının açılış konsertində çıxış edəcək. Konsert yerli “TV7” kanalı ilə canlı yayımlanacaq.E.Əfrasiyab konsertdə fransız musiqiçilərindən ibarət kvartetlə - Rafael Pannier (zərb alətləri), Antuan Katz (bas) və Aleksandr Madlinlə (saksofon) birgə çıxış edəcək.
O, artıq bu kvartetlə TEAS-ın dəstəyilə bu il Parisdə keçirilən məşhur “Jazz à Saint-Germain-des-Prés” və Reims şəhərində keçirilən “Sunnyside” festivallarında çıxış edib.
Sentyabrın 8-dən 12-dək Kolmarın Edmond Gerrer adına mediatekasında isə “Azərbaycan obyektivdə” adlı fotosərgi keçiriləcək. Sərginin məqsədi Azərbaycanın mədəniyyəti, təbiəti, tarixi və ictimai həyatının müxtəlif cəhətlərini Kolmar sakinlərinə tanıtmaqdır. Sərgidə nümayiş olunacaq şəkillər TEAS tərəfindən 2012-ci ildə təşkil olunmuş eyni adlı fotomüsabiqənin məhsuludur.
Qeyd edək ki, bu ilin mayın 19-da Şəki ilə Fransanın Kolmar şəhəri arasında “Dostluq və əməkdaşlıq Xartiyası imzalanıb”, bununla da təməli hələ 2013-cü ildə qoyulmuş əlaqələr daha da möhkəmləndirilib.