Xan Şuşinskinin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
10 iyun 2021-ci ildə Xalq artisti, görkəmli xanəndə Xan Şuşinskinin 120 illik yubileyinə həsr olunmuş “Şuşadan Şərq dünyasına havalansın Xanın səsi...” adlı onlayn konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilib. Konfransın təşkilinə “Xan Şuşinski” Fondu, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “Nəfəs” İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, ADPU Quba filialı dəstək verib.
Konfransı giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva açıb. Komitə sədri sənətkarın Azərbaycan mədəniyyətindəki yeri və mövqeyi haqqında ətraflı çıxış edib:
“Sizləri Azərbaycanın, bütün Qafqazın və ümumən Şərq dünyasının qüdrətli xanəndəsi, Azərbaycan muğam sənətinin klassiki Xan Şuşinskinin 120 illik yubileyi münasibəti ilə düzənlədiyimiz onlayn konfransda xoş gördük!
Çox şadıq ki Xan Şuşinskinin bu ilki yubileyi Şuşada, Qarabağda tarixi zəfərimizin sevinci, fərəh və qüruru içində keçirilir. Şuşanın Mədəniyyət Paytaxtı statusu artıq rəsmiləşib. Xan əmi Şuşalıdır, Şuşanın Xan əminin babaları qurub – bunlar tarixi faktlardır. Ona görə də, Şuşa ilə bağlı hər uğurun böyük sənətkarın ruhunu şad etdiyinə inanırıq.
Fürsədən istifadə edib, sənətkarlarımızın ruhunu şad edən tarixi uğurlara görə şəhidlərimizin ruhuna şükranlığımızı bildirirəm. Həm tarixi zəfərə, həm də mədəni irsə yüksək və örnək münasibətə görə ali dövlət rəhbərliyimizə də, Siz mötəbər konfrans iştirakçılarımızın hüzurunda bir daha minnətdarlığımızı bildirirəm.
Xan Şuşinskinin şəxsiyyəti və sənətkarlığı, ifadə etdiyi bir çox anlamlar baxımından örnək təşkil edir. Şuşada bu gün bayrağımız dalğalanır, Şuşa Mədəniyyət paytaxtımızdır və bizim orada şəkillənmiş mədəni irsimiz ermənilər tərəfindən hər nə qədər dağıdılıbsa da, Şuşa və şuşalılar qürurunu itirməyib. Dövlətimizin, Heydər Əliyev Fondunun Şuşada yüksək keyfiyyət və sürətlə həyata keçirdiyi unikal, zövqlü təmir-bərpa işləri Xan əminin, haqq dünyasında olan bütün böyüklərimizin ruhunu şad edir.
Bildiyiniz kimi, bu il 120 illik yubileyi olan sənətkar hələ 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi bir məclisdə təbrizli xanəndə Əbdülhəsən Xanın üslubu, yolu ilə “Kürd-Şahnaz” muğamını ifa edib. Bu ifa o qədər heyrətamiz tərzdə gözəl olub ki, müəllimi ona “Xan Şuşinski” adını verib.
XX yüzilin 20-ci illərdə Xan əmi mədəniyyət paytaxtımızdan ictimai-siyasi paytaxtımıza gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. Xanın repertuarında “Mahur–Hindi”, “Bayatı-Qacar”, “Qatar” dəsgahları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni çalarlar qatıb.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən “Zaqafqaziya xalqlarının I İncəsənət Olimpiadası”nda böyük uğur qazanaraq, baş mükafata layiq görülüb.
Xan Şuşinski 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində “Muğam studiyası” yaradaraq, burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib. Sənətkar həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin formalaşdırılmasında yaxından iştirak edib.
Onun “Qəmərim”, “Şuşanın dağları” mahnıları dillər əzbəri olub. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir bəy Hacıbəylinin “Qara göz” mahnısının ilk ifaçısı olduğunu və mahnını yüksək zövqlə oxuyaraq yaşatdığını deməliyik.
...Xanəndənin adını daşıyan fond fəaliyyət göstərir. Fondun direktoru xanəndənin qızı Bəyimxanım Verdiyevadır. Bəyimxanım müəllimə öz fəaliyyəti ilə atasının yalnız fiziki övladı olmadığını, onun mənəvi övladı olduğunu da göstərməkdədir. Sənətkarın irsinin qorunması, təbliği işində onun və başçılıq etdiyi fondun xidmətləri danılmazdır.
Bir daha konfransımızın işinə uğur arzulayıram. Sənətkarın ruhu şad olsun”!
Onlayn konfransın aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Xan nəslinə - Cavanşirlər xanədanına mənsub olan İsfəndiyar Aslan oğlu Cavanşirə şəcərə mənsubiyyəti ilə xan titulu daşımağın nəsib olmamasına baxmayaraq, onun muğamat dünyasının Xanı – sənətkarların, sənətsevərlərin Xan əmisi olduğunu vurğulayıb, ürək sözlərini bölüşüb.
Nazir Anar Kərimovun salamlarını çatdıran Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Acalova Xan Şuşinski irsinə dövlət qayğısından söz açıb, konkret faktlara istinad edib.
Nazirlik rəsmisi xatırladıb ki, sənətkarın 100 illik yubileyi dövlət səviyyəsində təntənə ilə ümumrespublika miqyasında keçirilib.
TÜRKSOY-un Baş katibi Prof.dr. Düsen Kaseinov Azərbaycan mədəniyyət-incəsənət xadimlərinin, sənət ustadlarının TÜRKSOY xətti ilə qeyd olunan və planlaşdırılan yubileyləri haqqında danışıb, Xan Şuşinskinin 120 illik yubileyinin də TÜRKSOY-un təşkilatçılığı ilə Ankarada keçirilməsinin nəzərdə tutulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Ardınca Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva çıxış edib: “Xan əminin səsi, onun haqqında danışılanlar, yazılanlar mənimçün çox doğmadır. Bu mövzuda satlarla danışa bilərəm; ona görə də öncədən hazırlanmış çıxış mətni masamın üzərində olsa da, ondan istifadə etməyə ehtiyac duymuram.
Xan əmidən danışınca neçə başqa sənətkarımızın da adı yada düşür: sənətkarın ustadı İslam Abdullayev, Təbrizli Əbdülhəsən Xan, yenə ustadları Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, “havalansın Xanın səsi” misrası dillər əzbəri olan Səməd Vurğun, Pənahəli xan nəsli... Əlbəttə, Şuşa və muğamatın özü...
...Mən çox şadam ki bizim Fondun da iştirakı ilə belə bir onlayn tədbir keçirilir. İnanırıq ki, pandemiya ilə bağlı uyğun şərait yetişincə sənətkarın doğma şəhəri Şuşada, Bakıda da yubiley tədbirləri keçirmək nəsibimiz olar. Hər kəsə uğurlar diləyirəm”!
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Gülhüseyn Kazımlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva çıxış edərək, Xan Şuşinski yaradıcılığını Azərbaycan muğam ifaçılığının özünəməxsus zirvəsi kimi xarakterizə edib. Onun sənətinin şəxsiyyətini, şəxsiyyətininsə sənətini tamamladığı vurğulanıb.
Çıxışlarda qeyd olunub ki, səsə, sözə möhür vurulmaz amma Xan Şuşinski səsə, sözə möhür vuran sənətkardır.
Çıxışçılar hələ sağlığında ustad kimi tanınan, dərin el məhəbbəti ilə Xan əmi çağrılan Xalq artistinin yubiley tədbirində söz söyləməyin şərəfli və məsuliyyətli olduğunu bildirib. Bildirilib ki, bizim çağdaşımız olan bir çox sənətkarlar Xan əminin yetirməsi olub; ustadı həyatda görməyənlər belə onun lent yazılarından, haqqında yazılan, danışılan və çəkilənlərdən təsirlənib, öyrənib.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova bildirib ki sənətkarın 120 illik yubileyə töhfə olsun deyə, onun haqqında yazılmış – ailəsinin uyğun bildiyi bir kitabı nəşr etməyi öz üzərinə götürür.
Xalq artisti Nəzakət Teymurova Xan Şuşinski repertuarından “Şuşanın dağları başı dumanlı”, Xalq artisti Mənsum İbrahimov “Qarabağ şikəstəsi”, “Qaçaq Nəbi” mahnılarını oxuyaraq, onlayn tədbirə xüsusi rəng qatıb. Tədbirdə ustad yubilyarın ifasının lent yazıları da səsləndirilib.
“Xan Şuşinski” Fondunun sədri, Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva-Cavanşirova onlayn tədbirin təşkilində əməyi olan bütün qurum və quruluşlara, çıxışçılara ailə adından təşəkkür edib.
Sonda MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qapanış sözü söyləyib.