Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyinin fondlarında Azərbaycanın tunc dövrünü, xüsusilə də Xocalı-Gədəbəy mədəniyyətini əks etdirən 2600-dən çox eksponatın elmi cəhətdən tədqiq olunması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən elmi tədqiqat komissiyası yaradılıb və komissiyanın üzvləri Almaniyaya ezam edilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Berlin muzeyinin Arxeologiya şöbəsinin müdiri Manfred Navrot muzeyin Xocalı-Gədəbəyə aid kolleksiyası ilə komissiya üzvlərini tanış edib.Bununla bağlı yuxarıda qeyd edilən məsələnin və ümumiyyətlə, Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyi ilə qurulmuş əməkdaşlıq əlaqələrin inkişaf etdirilməsi məqsədilə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın yanında görüş keçirilib. Görüşdə nazirliyin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova, Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyinin Arxeologiya şöbəsinin müdiri Manfred Navrot, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Abşeron arxeoloji ekspedisiyasının rəisi, arxivin müdiri İdris Əliyev iştirak ediblər.
Görüş zamanı Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyində və Almanayada yerləşən digər muzeylərdə Azərbaycana aid eksponatların araşdırılması, eləcə də hər iki tərəfi təmsil edən alimlərdən və tədqiqatçılardan ibarət işçi qrupunun yaradılması məsələsi müzakirə olunub. Həmçinin digər bir layihə - Amazonların tarixi və Qafqazda irsi adlı sərginin hazırlanması mövzusu ətrafında danışıqlar aparılıb.
M.Navrot bildirib ki, Berlin İbtidai və Qədim Dövr Tarix Muzeyinin direktoru professor Mattias Vemhoff Bakıya səfər etməyi planlaşdırır.
Nazir müavini S.Məmmədəliyeva M.Vemhoffu 18-19 may tarixlərində keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib və səfər zamanı göstərilən məsələlərin müzakirəsini davam etdirmək məqsədilə ikitərəfli görüşlərin keçirilməsini təklif edib.