Xəbər verildiyi kimi, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının "Termal Şəhərlər" beynəlxalq mədəni turizm marşrutuna Mədəniyyət və Turizm Nazirliyinin qoşulması ilə bağlı layihənin eksperti Mişel Tomas Pinet və Bursa vilayətinin vitse-qubernatoru Ahmet Hikmet Şahin ölkəmizdə səfərdədirlər.
Bildiririk ki, xarici qonaqlar səfər müddətində Azərbaycanın termal sulara malik bir sıra bölgələrini ziyarət etmişlər. Bölgələrdə olduqları zaman qonaqları layihənin koordinatoru Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günel Aslanova müşayiət etmişdir. Masallıda olduqları zaman "İsti Su" sanatoriyası, Yardımlı şəlaləsi, Masallının turizm infrastrukturu, Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq muzeyi və tarix, mədəniyyət abidələrinə baxış keçirilmişdir.Daha sonra qonaqlar Qəbələnin termal turizm şəhəri kimi mövcud imkanlarını öyrənmişlər. Qəbələdə olduqları müddətdə qonaqlar "Yengicə" termal sanatoriyası, 4 və 5 ulduzlu mehmanxanalarla tanış olmuşlar. Bundan əlavə, Nic kəndində yerləşən Alban kilsəsi, Çuxur-Qəbələ kəndində yerləşən Arxeoloji Mərkəzə baxış keçirmişlər. Qəbələdə mövcud olan turizmin müxtəlif növləri ilə bağlı infrastrukturla da tanış olmuşlar. Səfər çərçivəsində qonaqlar Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalının açılış mərasimində iştirak etmiş və festivalın çox yüksək səviyyədə təşkil olunması haqqında məmnunluqlarını ifadə etmişlər. Termal şəhərlər marşrutu çərçivəsində belə festivallara daha çox turistin cəlb olunmasının mümkünlüyünü bildirmişlər.
Qeyd etmək istərdik ki, ölkəmizdə termal turizmin imkanlarının tanıdılması baxımından assosiasiyanın eksperti Mişel Tomas Pinetin və Bursa vilayətinin vitse-qubernatoru Ahmet Hikmet Şahinin 2015-ci ilin 28 iyul tarixində Şabran şəhərində yerləşən "Qala Altı" sanatoriyasına da səfəri planlaşdırılır.