Hamarkəndli oğlanın hamar olmayan ömrünün əsərləri– Sabir Rüstəmxanlının 75 yaşı tamam oldu

Hamarkəndli oğlanın hamar olmayan ömrünün əsərləri–  Sabir Rüstəmxanlının 75 yaşı tamam oldu backend

Zaman çox sürətlə keçir. Şair, ictimai-siyasi xadim Sabir Rüstəmxanlının 50 illik yubileyi sanki dünən, srağagün olmuşdu, hələ də yaddaşlardadır. Bu gün isə onun 75 yaşı tamam olur.

75 il əsrin dörddə üçü deməkdir. Sabir Rüstəmxanlı əsrin dörddə üçünə bərabər olan ömrünə çox şey sığdırıb – ömrünün kitablarını, əsas da “Ömür kitabı”nı, eləcə də xalqa xidmətlərini.

Onun yazdığı şeir kitabları, yüzlərlə publisistik məqaləsi bir yanadır, “Ömür kitabı” bir yana. Xalq dövrünün ən istedadlı və parlaq gənc şairlərinin ilk üçlüyünə daxil olan Sabir Rüstəmxanlını məhz “Ömür kitabı”ndan sonra publisist kimi sevdi, onu ictimai xadim kimi qəbul etdi, siyasi mandat verdi.
Qardaş qazaxlar üçün Oljas Süleymünovun “Az i Ya” əsəri nədirsə, Sabir Rüstəmxanlının “Ömür kitabı” da xalqımız üçün odur. Başqa analogiya da gətirmək olar, ancaq vətənpərvər şairin adını öz xalqlarını göyün yeddi qatına qaldırıb, faşizmə yoluxduran, sonradan faciələrə sürükləyən faşist təfəkkürlü yazarların adıyla yanaşı çəkmək düzgün olmaz. Çünki Sabir Rüstəmxanlının publistik əsərlərində başqa xalqlara yönəlik aşağılayıcı fikirlər yoxdur, onun əsərlərinin başlıca motivi yurdsevərlikdir, öz xalqının haqqını qorumaq, dəyərlərinə önəm vermək, firavanlığı və təhlükəsizliyi üçün nələr lazım olduğunu göstərmək, xalqın milli oyanışına stimul verməkdir.

6.PNG (205 KB)

1946-ci ildə, II dünya müharibəsindən bir il sonra ölkənin ən ucqar rayonlarından biri olan Yardımlının Hamarkənd kəndində zəhmətkeş Xudu kişinin çoxuşaqlı ailəsində dünyaya gələn Sabir Rüstəmxanlı hazırda mövqe tutduğu ədəbi-ictimai-siyasi mərtəbəyə sırf öz istedadının, bacarığının, savadının və əzminin hesabına nail olub. Əlindən tutmağa, yol göstərməyə, qabağa çəkməyə nə əmisi olub, nə dayısı. Yalnız özünün, Hamarkənddə yaşadığı illərdə topladığı bilik və enerjinin sayəsində bir yerlərlə gəlib çıxıb.

İndiki Bakı Dövlət Universitetinin (o zamankı ADU) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən gənc məzun, artıq imzası ədəbi ictimaiyyətə tanış olan şair Sabir Rüstəmxanlı öncə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilub. Sonra hərbi xidmət keçib, daha sonra elmi işlə məşğul olub, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib, dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib.

3.jpg (31 KB)

1978-ci ildən "Yazıçı" nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989–1991-ci illərdə "Azərbaycan" qəzetinin baş redaktoru olub.

“Azərbaycan” qəzeti 70 ildən sonra kommunist ideologiyasına xidmət etməyən, kompartiyadan asılı olmayan ilk qəzetlərdən biri idi və bir neçə nömrəsi çıxdıqdan sonra ölkənin ən populyar, ən maraqlı qəzeti oldu, baş redaktorunun onsuz da zirvədə olan şöhrətinin üstünə əlavə şan-şöhrət gətirdi.
Sovet dönəminin son və təlatümlü illərində Sabir Rüstəmxanlının ictimai-siyasi fəaliyyəti ədəbi fəaliyyətini üstələmişdi. Necə deyərlər, artıq “vəsf zamanı deyildi”.

4.jpg (7 KB)

O, “Demokratik blok” adlanan parlament fraksiyasının fəal üzvlərindən biri, xalq hərəkatının liderlərindən idi. Buna görə bir ara fiziki təzyiqə də məruz qalmışdı. 1991-ci ildə isə S.Rüstəmxanlı Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri təyin olundu. Sonradan komitə nazirliyə çevrilsə də, rəhbəri dəyişmədi və Sabir Rüstəmxanlı prezident vəzifəsini icra edən Ayaz Mütəllibovla, Yaqub Məmmədovla, İsa Qəmbərlə, Əbülfəz Elçibəylə, Heydər Əliyevlə bir komanda da çalışdı.

8.PNG (207 KB)

Onun nüfuzu və ölkə siyasətində tutduğu mötədil, barışdırıcı mövqe imkan verirdi ki, mərkəzdə dayansın, vətəndaş həmrəyliyinə, siyasi qüvvələr arasında konsensusa çalışsın. Sabir Rüstəmxanlının rəhbərlik etdiyi partiyanın - Vətəndaş Həmrəyliyi Partiyasının adı da əbəs yerə seçilməmişdi.

7.PNG (150 KB)

Budur, Sabir Rüstəmxanlı qısa fasilədən sonra yenə də siyasətdədir, Milli Məclisin üzvüdür. Artıq 33 ildir o, siyasət adamıdır. Ancaq Sabir Rüstəmxanlının qələm adamı olmasının ömrü 60 ilə yaxınlaşır. O, yarım əsrdən artıqdır ki, düşüncələrini həm poetik, həm də publisistik səpkidə ifadə edir.

İlk kitabı 1970-ci ildə nəşr edilən Sabir Rüstəmxanlının bu 51 ildə Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilib. O, kitablardan birinin adı belədir: "Sağ ol, ana dilim!"

2.jpg (95 KB)

Gerçəkdən də bu alqış bu gün də aktualdır. Nə qədər ki, ana dilimiz sağdır, neçə ki, bu dilin Sabir Rüstəmxanlı kimi keşikçiləri var, dilimiz də yaşayacaq, bu dildə yazıb yaradan şairlərimizin, yazıçılarımızın əsərləri də.

“Yeni Müsavat” Media Qrupuna daxil olan yaradıcı kollektivlər ictimai-siyasi xadim, şair-publisist Sabir Rüstəmxanlının doğum gününü təbrik edir, 75 illik yibileyini qeyd edən ziyalımıza uzun ömür, cansağlığı və uğurlar arzu edir.

Musavat.com

Diaspora